Azərbaycan

 

13 may 1919 – Tanınmış tarzən, bəstəkar, Əməkdar artist Adil Gәray (Adil Heybәtqulu oğlu Mәmmәdbәyli; 1919 – 13.12.1973) Bakıda doğulub. Tar üçün əsərlərin, məktəblər üçün nəğmələr məcmuəsi və s. müəllifidir.

13 may 1929 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Hikmət Ziya (Hikmət Ziya oğlu Əfəndiyev; 1929 – 2.8.1995) Ağdamda anadan olub. Uşaq və gənclər üçün əsərlərin, çoxsaylı təmsillərin müəllifidir.

13 may 1982 – Böyük bəstəkar, pedaqoq, akademik, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Əbülfəz oğlu Qarayev (5.2.1918 – 1982) vəfat edib. “Yeddi gözəl”, “İldırımlı yollarla” baletləri, “Don Kixot” simfonik qravürü, “Leyli və Məcnun” simfonik poeması, simfoniyalar və s. əsərlərin müəllifidir. Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərlik edib.

 

14 may 1906 – Əməkdar artist, opera müğənnisi Şirzad Abasəli ağa oğlu Berqman (Hüseynov; 1906 – 10.5.1971) Bakıda anadan olub.

14 may 1916 – Azərbaycan kinosu tarixində ilk tammetrajlı bədii film – “Neft və milyonlar səltənəti” nümayiş etdirilib. Yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında ekranlaşdırılan filmin rejissoru Boris Svetlov idi.

14 may 1976 – C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının nəzdində Kino muzeyi açılıb. 1990-cı ildə fəaliyyətini dayandırıb. 1996-cı il mayın 14-dən muzey Dövlət Film Fondunun nəzdində fəaliyyətini bərpa edib.

14 may 1981 – Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə “Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü” təsdiq edilib.

14 may 1985 – Məşhur tarzən, Xalq artisti Bəhram Məşədi Süleyman bəy oğlu Mənsurov (12.2.1911 – 1985) vəfat edib. 1932-ci ildən Dövlət Opera və Balet Teatrının solisti və konsertmeysteri olub.

14 may 2010 – Prezident İlham Əliyev görkəmli xanəndə Cabbar Qaryağdıoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

14 may 2018 – Parisdə, UNESCO-nun mənzil-qərargahında böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin 100 illik yubileyi qeyd edilib.

 

15 may 1899 – Xalq artisti Rza Əfqanlı (Rza Rüstəm oğlu Cəfərzadə; 1899 – 9.11.1973) Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. Akademik Dram Teatrında çalışıb, filmlərdə (“Bakılılar”, “Kəndlilər”, “Dağlarda döyüş”) maraqlı obrazlar yaradıb.

15 may 1903 – Əməkdar artist, teatr aktyoru Mirhəsən Miriş oğlu Mirişli (1903-1973) anadan olub.

15 may 1921 – Əməkdar elm xadimi, filosof Midhət Mirmusa oğlu Ağamirov (1921-1995) Şuşada anadan olub.

15 may 1922 – SSRİ Xalq artisti, tanınmış bəstəkar Rauf Soltan oğlu Hacıyev (1922 – 19.9.1995) anadan olub. “Romeo mənim qonşumdur”, “Talelər qovuşanda” və s. operettaların müəllifidir. “Bir qalanın sirri”, “Qara daşlar”, “Əhməd haradadır?” və s. filmlərə musiqi yazıb. Azərbaycanın mədəniyyət naziri (1965-1971) işləyib.

15 may 1930 – Nasir, dramaturq, ədəbiyyatşünas Altay Yusif oğlu Məmmədov (1930 – 15.7.2003) Gəncədə doğulub. “Kişilər”, “Yadındamı”, “Ulduzlar görüşəndə” və s. pyeslərin müəllifidir.

15 may 1930 – Tanınmış şərqşünas, tərcüməçi Qəzənfər Yusif oğlu Əliyev (1930-1984) Gəncə şəhərində anadan olub.

15 may 1931 – Teatrşünas, sənətşünaslıq doktoru, professor Mahmud Qara oğlu Allahverdiyev (1931-1998) Gürcüstanın Bolnisi rayonunun İmirhəsən kəndində doğulub.

15 may 1946 – Əməkdar mədəniyyət işçisi Xalis Xalid oğlu Məmmədov (1946-2021) Qəbələ rayonunun Bum kəndində doğulub. Qəbələdə tarix-diyarşünaslıq muzeyinin yaradıcısı və qırx ilə yaxın direktoru olub.

 

16 may 1929 – Əməkdar incəsənət xadimi, skripka ifaçısı Rauf Cəmil oğlu Nərimanbəyli (1929-2021) Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının professoru olub.

16 may 1950 – Xalq artisti Arif Əli oğlu Quliyev (1950 – 7.5.2021) Şirvan şəhərində anadan olub. Musiqili Komediya, Milli Dram, İrəvan  teatrlarında işləyib. “Bəxt üzüyü”, “O dünyadan salam” və s. filmlərdə, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

16 may 2012 – Prezident İlham Əliyev Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

16 may 2013 – Parisdə, UNESCO-nun mənzil-qərargahında Azərbaycanın böyük şairəsi Məhsəti Gəncəvinin 900 illiyi təntənəli şəkildə qeyd olunub.

16 may 2017 – Prezident İlham Əliyev “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” sərəncam imzalayıb.

16 may 2022 – Əməkdar incəsənət xadimi Fuad Zülfüqar oğlu Vəlixanov (1.5.1941 – 2022) vəfat edib. Uzun illər televiziya sahəsində müxtəlif vəzifələrdə çalışıb.

 

Dünya

 

13 may 1840 – Fransız yazıçısı Alfons Dode (Alphonse Daudet; 1840-1897) anadan olub. Əsərləri: “Taraskonlu Tartarenin qeyri-adi sərgüzəştləri”, “Böyük Fromon və balaca Risler”, “Safo” (roman), “Arlezianka” (pyes).  

13 may 1842 – İngilis bəstəkarı Artur Sallivan (Arthur Seymour Sullivan; 1842-1900) anadan olub.

 

14 may 1265 – İtalyan şairi Dante Aligeri (1265 - 14.9.1321) anadan olub. Bəzi mənbələrdə təvəllüdü 30 may göstərilir. İntibah ədəbiyyatının şah əsərlərindən olan “İlahi komediya” poemasının müəllifidir.

14 may 1771 – İngilis filosofu Robert Ouen (Robert Owen; 1771-1858) anadan olub.

 

15 may 1567 – İtaliya bəstəkarı Klaudio Monteverdi (Claudio Monteverdi; 1567-1643) anadan olub. Operaları: “Orfey”, “Ariadna”, “Poppeyanın tacqoyması”.

15 may 1862 – Avstriya dramaturqu Artur Şnitsler (Arthur Schnitzler; 1862-1931) anadan olub.

15 may 1891 – Rus yazıçısı Mixail Bulqakov (1891-1940) Kiyev şəhərində doğulub. Əsərləri: “Usta və Marqarita”, “Ağ qvardiya”, “İt ürəyi” (nəsr), “Qaçış”, “Turbinlər ailəsinin günləri”, “Zoykanın mənzili” (dram). Bir sıra əsərləri ekranlaşdırılıb.

 

16 may 1898 – Yaponiya milli kinematoqrafiyasının banilərindən olan rejissor Kendzi Midzoquti (Kenji Mizoguchi; 1898-1956) anadan olub.

16 may 1915 – İtaliya kinorejissoru Mario Moniçelli (1915-2010) anadan olub. Filmləri: “Polislər və oğrular”, “Böyük müharibə” və s.

Hazırladı: V.Orxan