Ulu öndər Heydər Əliyev haqqında indiyə qədər müxtəlif dillərdə çoxsaylı kitablar nəşr olunub. “TEAS Press” Nəşriyyat Evinin “Heydər Əliyev İli”ndə çap etdiyi iki kitab indiyə qədər işıq üzü görən nəşrlər arasında seçilir. Bunlar xarici işlər nazirləri Həsən Həsənovun “Heydər Əliyev: Parlaq, xarizmatik şəxsiyyət haqqında xatirələr” və Vilayət Quliyevin “Heydər Əliyev: Böyük insan haqqında xatirələr” kitablarıdır.
Hər iki kitabı Azərbaycan ədəbiyyatında siyasi memuar janrının nümunələri adlandırmaq mümkündür.
Ötən əsrin 70-ci illərindən Azərbaycan KP MK-da Heydər Əliyevlə birgə çalışan Həsən Həsənov müstəqillik dövründə – 1993-1997-ci illərdə xarici işlər naziri olub. Filoloq-alim Vilayət Quliyev isə 1999-2004-cü illərdə həmin vəzifədə çalışıb. Hər ikisi illər boyu Heydər Əliyevlə yaxın təmasda olub, xarici səfərlərdə, görüşlərdə onu müşayiət edib, aparılan danışıq və müzakirələrdə iştirak ediblər. Onların xatirələri Heydər Əliyevi ən müxtəlif rakurslardan – dövlət başçısı, siyasi lider, mahir diplomat, ağsaqqal, nəcib və xeyirxah insan, Azərbaycan maraqlarının keşiyində dayanan prinsipial və təəssübkeş vətənpərvər kimi görməyə imkan yaradır.