Mayın 10-da müasir Azərbaycan dövlətinin qurucusu, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin anadan olmasının 100 illiyi tamam oldu. Bu münasibətlə bölgələrdəki mədəniyyət müəssisələrində də müxtəlif tədbirlər keçirilib, Ümummilli liderin tarixi xidmətləri minnətdarlıqla xatırlanıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda Heydər Əliyevin 100 illiyinə həsr olunan “Breyn-rinq” intellektual yarışması keçirilib. Ağsu rayon Heydər Əliyev Mərkəzi və rayon Tədris mərkəzi ilə birgə təşkil olunan yarışmada Ağsu şəhər S.Umbayev adına 2 saylı tam orta məktəbin “Zəka” komandası I, Ağsu Tədris Mərkəzinin “Everest” komandası II, rayon N.Mirzəliyev adına Ağarx kənd tam orta məktəbinin “İntellekt” komandası III yerə layiq görülüb.

Şamaxı rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və kitabxanaçıların iştirakı ilə “Dahilər dahisi çağırılır adın...” adlı kitab sərgisi təşkil olunub.

***

Sabirabad RMİ tərəfindən “Mədəniyyətimizin hamisi” adlı regional yaradıcılıq müsabiqəsi təşkil edilib. Müsabiqənin ilk turu rayon nümayəndəlikləri tərəfindən müvafiq olaraq Şirvan şəhəri, Sabirabad, Saatlı və Hacıqabul rayonlarında keçirilib. 2-ci tur Sabirabad rayon Mədəniyyət Mərkəzində təşkil edilib və ümumilikdə 42 nəfər (12-si bədii qiraət, 6-sı xanəndəlik, 24-ü fortepiano nominasiyası üzrə) uşaq və yeniyetmə iştirak edib.

Şirvan şəhər Heydər Əliyev Mərkəzində Ulu öndərin yubileyi münasibətilə tədbir təşkil olunub. “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda videoçarx nümayiş etdirilib. Mədəniyyət Mərkəzində şəhid övladları və məktəblilər üçün konsert proqramı da təşkil olunub.

***

Quba rayon MKS-nin Mərkəzi Kitabxanasının oxu zalında “Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı tədbir keçirilib. Tədbirdə “Azərbaycanı dünyaya tanıdan dahi” adlı videoçarx və “2023-cü il Heydər Əliyev İli”dir” adlı kitab sərgisi nümayiş etdirilib.

Şabran rayon Mədəniyyət Mərkəzində Heydər Əliyevin 100 illiyi münasibətilə şeir, mahnı və rəqs müsabiqəsi keçirilib. Düzbilici kənd klubu I, Ağbaş kənd klubu II, Aygünlü kənd klubu III yerə layiq görülüb.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində “Nə qədər Azərbaycan var, mən də varam!” adlı rəsm müsabiqəsi təşkil edilib. Fərqlənən iştirakçılara fəxri fərmanlar təqdim olunub.

***

Göygöl rayon Qızılca kənd Folklor evi və kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqların ifasında rəngarəng musiqi nömrələri səsləndirilib.

Daşkəsən rayon Heydər Əliyev Mərkəzində keçirilən yubiley tədbirində Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolara və eksponatlara baxış olub. Sonra “Ulu öndər Heydər Əliyev” adlı sənədli film nümayiş etdirilib.

***

Biləsuvar şəhər O.Əkbərov adına Uşaq incəsənət məktəbində konsert keçirilib. Biləsuvar RMİ-nin rəisi Əlisultan Sadıxov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və digər qonaqların izlədiyi konsert maraqla qarşılanıb.

Salyan rayon Mədəniyyət Mərkəzinin 1, 2, 3, 4 saylı şəhər klubları, rayon MKS və “Murad” Əlillər İctimai Birliyinin birgə təşkilatçılığı ilə sərgi keçirilib.

Neftçala rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın Heydər Əliyev zirvəsi” adlı tədbir keçirilib. Rayon T.İsmayılov adına Mirqurbanlı kənd tam orta məktəbinin şagirdləri rəqs, şeir və musiqili kompozisiyalarla çıxış ediblər.

***

Ağcabədi rayon Heydər Əliyev Mərkəzi tərəfindən rayon Yaqub Məmmədov adına Mədəniyyət Mərkəzində “Heydər Əliyev dühası işığında” adlı tədbir keçirilib. Heydər Əliyev Mərkəzinin rəqs qrupu, Qarabağ Muğam Mərkəzi, Ağcabədi şəhər və Hacıbədəlli kənd uşaq musiqi məktəblərinin müəllim və şagirdlərinin təqdim etdiyi rəqslər, mahnılar və şeir kompozisiyası tədbirə xoş ovqat qatıb.

Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı rəsm müsabiqəsi keçirilib.

***

Oğuz rayon Heydər Əliyev Mərkəzi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə məktəb komandaları arasında bilik yarışı keçirilib. Oğuz şəhər 3 nömrəli məktəb-liseyin “Azad Qarabağ” komandası qalib olub.

Qax rayon C.Cabbarlı adına Mərkəzi Kitabxana Mədəniyyət Mərkəzində tədbir təşkil edib. Musiqi nömrələri, şeir qiraəti və kompozisiyalar alqışlarla qarşılanıb.

Balakən rayon Mərkəzi Kitabxanasında “Zirvədən boylanan dahi” adlı şeir qiraəti müsabiqəsi təşkil olunub.

***

Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsi və Sumqayıt Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev – ədəbiyyat və mədəniyyət” mövzusunda konfrans keçirilib. Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbi şagirdlərinin ifasında Ulu öndərə həsr olunan şeirlər səsləndirilib.

Abşeron rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı uşaq və gənclərin beynəlxalq rəqs festivalı keçirilib. Festivalda Özbəkistandan və ölkəmizdən rəqs kollektivləri çıxış ediblər.

***

Ağdaş RMİ tərəfindən “Tarix yaradan şəxsiyyət” adlı konsert proqramı təşkil edilib. Ağdaş şəhər H.Əliyev adına 1 nömrəli Uşaq musiqi məktəbinin Xor kollektivi, məktəbin müəllimləri, rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən rəqs kursunun yetirmələrindən ibarət “İgidlər” rəqs qrupu və başqaları çıxış ediblər.

Ağdaş rayon Mədəniyyət Mərkəzinin dəstəyi, 1 saylı şəhər, Qaradağlı və Pirəyir kənd klublarının birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Göyçay şəhər A.Məmmədov adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə rayon Mərkəzi Kitabxanası tərəfindən hazırlanmış sərgi nümayiş olunub. Daha sonra şagirdlərin ifasında musiqi nömrəsi təqdim edilib.

***

Masallı rayon MKS-nin Güllütəpə kənd kitabxana filialı və kənd orta məktəbinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Şagirdlərin ifasında Ümummilli liderə həsr olunan şeirlər səsləndirilib.

MKS-nin Qodman kənd kitabxana filialında “Heydər Əliyev müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisidir” mövzusunda tədbir keçirilib.

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev şəxsiyyəti şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Cəlilabad Dövlət Rəsm Qalereyası, Heydər Əliyev Mərkəzi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqədə şagirdlərin və dərnək üzvlərinin əl işləri nümayiş olunub.

***

Bərdə şəhər şəhid F.Quliyev adına 2 nömrəli və Divanlı kənd musiqi məktəblərinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və mədəniyyətimiz” adlı konsert keçirilib.

Tərtər rayon Mədəniyyət Mərkəzinin filialı Umudlu kənd Folklor evində “Dahi xilaskarımız” başlığı altında tədbir keçirilib.

***

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı tədbir keçirilib. Çıxış edənlər Ulu öndərin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafına diqqət və qayğısından danışıblar.

Tovuz rayon Düz Qırıqlı kənd Uşaq musiqi məktəbində Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil olunub.

Qazax şəhər 2 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə “Dahi sərkərdə” adlı konsert proqramı təqdim olunub.

***

Lənkəran şəhər H.Rzayeva adına 2 nömrəli Musiqi məktəbində konsert proqramı təşkil olunub. Lənkəran RMİ-nin rəisi Şahin Şahbazovun da izlədiyi konsertdə məktəbin fortepiano və xalq-çalğı alətlərindən ibarət orkestrin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.

***

Beyləqan rayon Heydər Əliyev Mərkəzində ibtidai sinif şagirdləri arasında “Xəmsə” milli intellektual oyunu üzrə rayon birinciliyi keçirilib. Yarışda 8 komanda mübarizə aparıb. Qaliblər diplom və hədiyyələrlə təltif edilib.

***

Gəncə RMİ-nin dəstəyi, Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan gəncliyi” adlı tədbir keçirilib. Çıxışlarda Heydər Əliyevin istedadlı gənclərə qayğısından bəhs olunub.

Nurəddin Məmmədli