Milli İncəsənət Muzeyi, Azərbaycan Mədəniyyət Nazirliyi və Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə mayın 13-dən 21-dək “açıq qapı” günləri keçiriləcək.

“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.

Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış multikultural layihəsinə daxil olan bu sərgi bu il martın 29-da açılıb və 30 iyun tarixinədək davam edəcək.

“Huawei” şirkəti qonaqlara Çin sivilizasiyasının genişliyini və dərinliyini, qədim İpək yolunun canlılığını yaşamağa, iki ölkə arasında qarşılıqlı əməkdaşlığı və dostluğu dərinləşdirməyə dəstək göstərməkdən məmnundur.

Qeyd edək ki, sərgi çərçivəsində muzeydə Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən müxtəlif mövzularda ustad dərsləri də həyata keçirilir.