Mehmanxanalarla turizm şirkətləri arasında işgüzar əlaqələr müzakirə olundu
   
   Oktyabrın 5-də «New Baku» mehmanxanasında «Skal İnternational Bakı» turizm klubunun növbəti, 11-ci toplantısı keçirildi.
   
   Tədbiri «Skal Bakı»nın prezidenti Ruslan Quliyev açaraq qurumun fəaliyyəti, 2012-ci ilin yay turizm mövsümünün yekunları barədə məlumat verdi. Bildirdi ki, «Skal Bakı» öz işini «Skal İnternational»ın qaydalarına uyğun qurub: «Müxtəlif ölkələrin, şəhərlərin skal klubları ilə əməkdaşlıq, həmkarlarımızla peşəkar əlaqələr fəaliyyətimizin mühüm istiqamətini təşkil edir. Fərəhlə qeyd etmək istəyirəm ki, bu ilin əvvəlindən dünyanın bir çox ölkələrinin skal klublarının təmsilçiləri Bakıda olublar. Onların əksəriyyəti «Eurovision-2012» mahnı müsabiqəsi ilə bağlı ölkəmizə səfər ediblər. Skalçılar Bakıdakı görüşlərində qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr apardılar. Hesab edirəm ki, bu səfər və görüşlərin əsas nəticəsi yenə də Azərbaycan turizminin təbliğinə və inkişafına xidmət edir».
   Sonra Ruslan Quliyevin təklifi ilə tədbir iştirakçıları «Skal Bakı» klubunun fəal üzvlərindən biri, mərhum Fais Məmmədovun xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
   «Skal Bakı»nın fəal üzvlərindən biri, klubun layihəsi çərçivəsində Almaniyada təhsil almış Ceyhun Aşurov bu ölkəyə səfəri barədə danışdı. O, Almaniya skal klubunun təmsilçiləri ilə görüşləri, aparılan müzakirələr haqqında məlumat verdi.
   «Skal Bakı»nın 11-ci toplantısında Azərbaycan Sənaye Bankının (ASB) kartlarının təqdimatı da keçirildi. Bankın idarə heyətinin sədri Cenk Bartın bildirdi ki, bank Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə həyata keçirdiyi yeni layihə çərçivəsində xarici turistlərə «Baku Card» adlanan kart təqdim edir. Bu, kredit kartıdır və hesaba pul qoyulan zaman aktivləşir. «Baku Card» ölkəmizə gələn turistlərə təqdim edilən hədiyyə paketinə daxildir.
   Tədbirdə müzakirə olunan məsələlərdən biri də Azərbaycanda fəaliyyət göstərən memanxanalarla turizm şirkətləri arasında işgüzar əlaqələrin və koordinasiyanın tənzimlənmə mexanizmi ilə bağlı oldu. Qeyd edildi ki, son vaxtlar hotellərlə turizm şirkətləri arasında münasibətlər bir qədər tənzimlənsə də, bu sahədə görüləsi işlər hələ çoxdur. R.Quliyev bildirdi ki, turizm sektorunun bu iki aparıcı qüvvəsi arasında normal işgüzar əlaqələrin koordinasiya edilməsi rəhbərlik etdiyi klubun əsas vəzifələrindən biridir. Onun sözlərinə görə, bunun üçün «Skal Bakı» Azərbaycan Turizm Assosiasiyası, Turizm İnstitutu və Bakı Turizm İnformasiya Mərkəzi ilə əlaqələrini daha da genişləndirəcək.
   Tədbirin sonunda klubun yeni üzvlərinə üzvlük kartları təqdim olundu.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar