Azərbaycan

 

17 may 1870 – Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. “Dağılan tifaq”, “Bəxtsiz cavan”, “Pəri cadu”, “Ac həriflər” və s. pyeslərin, hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən ədəbi tərcümələr edib. Teatr tamaşalarına quruluş verib. Bakı Dövlət Universitetində dərs deyib.

17 may 1938 – Əməkdar incəsənət xadimi, televiziya diktoru, rejissor Arif Lətif oğlu Qazıyev (1938 – 24.2.2022) Gəncədə doğulub. “Muğam” teatrının rəhbəri olub. Musiqili telefilmlərin (“Şur”, “Təsnif”) müəllifidir.

17 may 2018 – Prezident İlham Əliyev Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

17 may 2019 – Prezident İlham Əliyev görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Arif Məlikovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

 

18 may 1906 – Filosof alim, professor Mehbalı Məhəmməd oğlu Qasımov (1906-1963) Naxçıvan MR Culfa rayonunun Xoşkeşin kəndində doğulub.

18 may 1933 – Tanınmış ədəbiyyatşünas, biblioqraf, tərcüməçi Əmin Tahir oğlu Əfəndiyev (1933-2014) Qax rayonunun İlisu kəndində doğulub.

18 may 1952 – Tanınmış şair, tərcüməçi Eldar Alı oğlu Nəsibli (Sibirel; 1952 – 11.10.2010) anadan olub.

18 may 1959 – Azərbaycan SSR-nin fəxri adları haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı verilib. Fərmanda ümumilikdə 17 peşə sahəsi üzrə fəxri adlar nəzərdə tutulmuşdu.

18 may 1968 – Əməkdar incəsənət xadimi, aşıq İslam Qara oğlu Yusifov (1893-1968) vəfat edib.

18 may 2009 – Dövlət başçısı Azərbaycan Yazıçılar Birliyinin 75 illik yubileyi haqqında sərəncam  imzalayıb.

18 may 2010 – Tanınmış aktrisa Ofeliya Rza qızı Əfqanlı (Ofeliya Aslan; 27.1.1939 – 18.5.2010) vəfat edib.

18 may 2017 – Parisdə, UNESCO-nun mənzil-qərargahında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü ilə əlaqədar mərasim keçirilib.

18 may 2019 – Prezident İlham Əliyev Xalq yazıçısı Hüseyn İbrahimovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

19 may 1898 – Xalq artisti, opera müğənnisi Hüseynağa Soltan oğlu Hacıbababəyov (1898 – 10.11.1972) Şamaxıda doğulub. Opera partiyaları ilə yanaşı, muğam və xalq mahnılarının mahir ifaçısı olub.

19 may 1907 – Bakıda “Bəhlul” satirik jurnalı nəşrə başlayıb. Redaktoru Ələsgər Əliyev olan jurnalın 9 sayı işıq üzü görüb. M.Ə.Sabirin bir neçə şeiri ilk dəfə burada dərc olunub.

19 may 1910 – Xalq şairi, Sosialist Əməyi Qəhrəmanı Rəsul Rza (Rəsul İbrahim oğlu Rzayev; 1910 – 1.4.1981) Göyçayda doğulub. “Qız qalası”, “Lenin”, “Qızılgül olmayaydı” poemaları, “Rənglər” şeirlər silsiləsi, “Vəfa”, “Görüş” pyesləri və s. əsərlərin müəllifidir. Rus ədəbiyyatından tərcümələr edib. Azərbaycan Yazıçılar İttifaqının sədri (1938-1939), respublikanın kinematoqrafiya naziri (1945-1948) olub. 

19 may 1935 – Şair və tərcüməçi, Əməkdar incəsənət xadimi Vladimir Əbdüləzim oğlu Qafarov (1935 – 19.7.2000) Sabirabad rayonunda anadan olub. Klassik və müasir Azərbaycan şairlərinin bir çoxunun əsərləri onun tərcüməsində rusdilli oxuculara təqdim olunub.

19 may 1939 – Tanınmış yazıçı-publisist, türkoloq Əhməd bəy Ağaoğlu (Əhməd bəy Mirzə Həsən oğlu Ağayev; 1869, Şuşa – 1939) İstanbulda vəfat edib. “Kaspi”, “Həyat” qəzetlərinin redaktoru olub. İstanbul Universitetində dərs deyib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilib. Cümhuriyyətin süqutundan sonra Türkiyədə yaşayıb.

19 may 1959 – Xalq artisti Yeva (Yevgeniya) Nikitiçna Olenskaya (1900-1959) vəfat edib. Qubada doğulub. Azərbaycan dilini yaxşı bilib. 1919-cu ildən Dövlət Dram Teatrının aktrisası olub, milli opera və operettalarda da çıxış edib.

19 may 2014 – Parisdə, UNESCO-nun mənzil-qərargahında Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 100 illiyinə həsr olunan təntənəli tədbir keçirilib.

19 may 2022 – Xalq artisti, teatr rejissoru Vaqif Firudin oğlu Əsədov (5.4.1947 – 2022) vəfat edib. Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib. 1989-cu ildən Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

 

Dünya

 

17 may 1873 – Fransız yazıçısı Anri Barbüs (Henri Barbusse; 1873-1935) anadan olub. Əsərləri: “Alov”, “Gerçək əhvalatlar” və s.

17 may 1904 – Fransız aktyoru Jan Qaben (Jean Gabin - Jean-Alexis Moncorge; 1904-1976) anadan olub. “Böyük illüziya”, “Qənimətə toxunma”, “Parisin havası” və s. filmlərdə çəkilib.

 

18 may 1048 – Fars (tacik) şairi, filosof, astronom və riyaziyyatçı Ömər Xəyyam (Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam Nişapuri; 1048 - 4.12.1131) anadan olub.

18 may 1869 – Ləzgi Xalq şairi, aşıq Süleyman Stalski (Həsənbəyov; 1869-1937) anadan olub.

18 may 1872 – İngilis filosofu, riyaziyyatçı, ictimai xadim, ədəbiyyat üzrə Nobel mükafatı (1950) laureatı Bertran Rassel (Bertrand Arthur William Russell; 1872-1970) anadan olub.

 

19 may 1762 – Alman filosofu Yohann Qotlib Fixte (Johann Gottlieb Fichte; 1762-1814) anadan olub.

19 may 1898 – İtalyan yazıçısı və mütəfəkkiri Yulius Evola (Julius Evola; 1898-1974) anadan olub.

Hazırladı: V.Orxan