Romada Ümummilli liderin 100 illiyi münasibətilə konsert
İtaliyanın paytaxtı Romada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Əbədiyyət musiqisi” adlı konsert proqramı keçirilib.
Azərbaycanın İtaliyadakı Səfirliyinin Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi tədbir Kapitolini Muzeylərinin Pietro da Cortona zalında keçirilib.
Konsertdən əvvəl çıxış edən ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin həyat yolu və fəaliyyətindən danışıb. Heydər Əliyevin Azərbaycanın rəhbəri kimi 1997-ci ildə İtaliyaya ilk dəfə rəsmi səfər etdiyi, həmin vaxt möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya münasibətlərinin hazırda strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, İtaliyanın Avropada Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olduğu diqqətə çatdırılıb.
Azərbaycan Dövlət Simli Kvartetinin, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Əməkdar artist Nərgiz Kərimovanın çıxış etdiyi konsertdə Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Rauf Hacıyev, Xəyyam Mirzəzadə, Soltan Hacıbəyov və digər Azərbaycan bəstəkarlarının əsərləri ifa olunub.