Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Əməkdar artist Mehriban Abdullayevanın 60 illik yubileyi “İstədiyim kimi yaşamışam” adlı monotamaşanın nümayişi ilə qeyd olunub.
Tamaşadan əvvəl truppa rəhbəri Ələsgər Muradxanlı aktrisanın zəngin yaradıcılıq fəaliyyətindən, 35 illik səhnə təcrübəsindən danışıb.
Yubilyarın sənət dostları – Əməkdar artistlər Şəfəq Əliyeva, Elşən Rüstəmov, aktrisa Sevinc Əziz ona xoş sözlərini bildirərək yeni uğurlar arzulayıblar.
Aktrisaya Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təbrik məktubu və hədiyyəsi, Gənc Tamaşaçılar Teatrının diplomu təqdim edilib.
Daha sonra Mehriban Abdullayevanın iştirakı ilə mərhum rejissor Xalq artisti Ağakişi Kazımovun quruluşunda hazırlanan “İstədiyim kimi yaşamışam” monotamaşası nümayiş olunub. Səhnə əsəri Amerika yazıçısı Frensis Skott Fitsceraldın həyat yoldaşı Zelda Fitsceraldın ağrılı həyatından bəhs edir.