Bir gözəl yaz axşamı (3 may) Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli ilk solo konsert proqramı ilə tamaşaçıların qarşısına çıxdı. Konsertdən aldığım təəssürat o qədər böyük idi ki, onun haqqında yazıb musiqisevərlərlə bölüşməyi qərara aldım.
Öncə vurğulamaq istəyirəm ki, konsertə yığışan insanların arasında tanınmış musiqi xadimləri də vardı. Konsertin aparıcısı tamaşaçıları salamlayaraq R.Behbudov adına Dövlət Mahnı Teatrının nəzdində tarzən Mirxalid Salayevin rəhbərliyi altında fəaliyyət göstərən instrumental ansamblı təqdim etdi. Ansamblın ifasında görkəmli bəstəkarımız Arif Məlikovun “Sehrli xalat” kinofilminə (1964) yazdığı musiqi əsasında gözəl kompozisiya səsləndirildi və bu, tamaşaçıları möhtəşəm sənət əhvalına köklədi. Sonra sürəkli alqışlarla müğənni Aynur İsgəndərli səhnəyə dəvət edildi.
Qeyd etməliyəm ki, Aynur İsgəndərlinin musiqi istedadı çox erkən yaşlarından özünü büruzə verməyə başlayıb və ona ilk müəllimlik edən atası – tanınmış pianoçu Akif İsgəndərli olub. Konsertin başlanğıcında Aynurun ifa etdiyi Tofiq Quliyevin “Qüdrətli Azərbaycan” (söz: Əliağa Kürçaylı) mahnısını məhz Akif müəllim özü royalda müşayiət etdi. Repertuara daxil edilmiş biri-birindən gözəl mahnılar tamaşaçıları sanki 70-80-ci illərə qaytardı. Həmin zamanlarda sevimli müğənnilərimiz, əsrarəngiz səsə malik Mirzə Babayev, Şövkət Ələkbərova, Gülağa Məmmədov, Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə və digərləri tamaşaçıların zövqünü oxşayan mahnılarla dinləyiciləri ovsunlayırdılar. Konsert zamanı Aynurun məlahətli səsində unudulmaz sənətkarımız Şövkət Ələkbərovanın səs çalarlarını duydum və bu, təbii ki, təqlid deyildi, bu Allahdan gənc müğənniyə verilmiş gözəl səs tembridir.
Ümumiyyətlə, keçən əsrin 70-80-ci illərində musiqi sənətinin, o cümlədən mahnı yaradıçılığının inkişafında Azərbaycana rəhbərlik etmiş Ulu öndər Heydər Əliyevin olduqca böyük istiqamətverici rolu olub. Məhz Heydər Əliyevin tapşırığı ilə 1973-ci ildə Azərbaycan KP MK-nın “Respublikada kütləvi mahnıların inkişafında ciddi nöqsanlar” haqqında qərarı qəbul edildi və bəstəkarlara zamanın tələbinə uyğun olan – gənclərimizin vətənpərvərlik ruhunu artıran, sadə insanların əməyini tərənnüm edən və yüksək estetik zövqü formalaşdıran mahnıların yaranması tapşırıldı. Bunun nəticəsində həmin illərdə S.Rüstəmov, H.Xanməmmədov, C.Cahangirov, T.Quliyev, R.Hacıyevin ənənələri davam edilərək Ş.Axundova, A.Məlikov, V.Adıgözəlov, R.Mirişli, O.Kazımi, E.İbrahimova, T.Hacıyev, E.Sabitoğlu kimi bəstəkarların yüksək bədii zövqlü və dərin məzmunlu mahnıları yaranmağa başladı ki, onların hər biri ilə bu gün də fəxr edirik.
Aynur İsgəndərlinin peşəkar müğənni olaraq məhz “qızıl fond”umuza aid mahnılara müraciəti heyranlıq doğururdu. O, müasir ifasına rəğmən zaldakı tamaşaçıları sanki həmin illərin ab-havasına qaytarır, hamını xəyalən keçmişə aparırdı. Tamaşaçıların sürəkli alqışlarından hiss olunurdu ki, müğənninin repertuar seçimi olduqca uğurlu alınıb, çünki ifa etdiyi hər bir musiqi nömrəsi onların ürəyindən xəbər verirdi.
Aynur İsgəndərlinin səsinin bəzi özəl xüsusiyyətlərini qeyd etmək istərdim. Bəlkə də çox nadir hallarda bir vokalistin geniş səs diapazonu ilə yanaşı ona milli musiqimizin bütün incəliklərini də xanəndələrə xas tərzdə ifa etmək bacarığı qismət olur. Həmin konsertdə iştirak edənlərin arasında müğənniyə vaxtında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada ifaçılığı üzrə dərs demiş bəstəkar Əməkdar incəsənət xadimi Vaqif Gərayzadənin və peşəkar xanəndələrə (o cümlədən, Aynura) muğamın bütün sirlərini aşılayan Qəzənfər Abbasovun zalda əyləşməsi onun həyəcanını və məsuliyyətini bir qədər də artırdı. Lakin Aynur səhnədə olarkən diqqətimi çəkən bir an oldu. Onun ifasında kiçik, amma çətin muğam parçasını ürəkdən alqışlayan Qəzənfər müəllimin “Sən muğam ifaçılığını da gözəl bacarırsan!” söyləməsi istedadlı müğənninin müəllimləri tərəfindən olduqca bəyənildiyindən xəbər verirdi. Mən isə onun ifasını dinləyərkən düşünürdüm: necə olur ki, diapazonu heç bir oktavaya çatmayan, gənclərimizin zövqünü korlayan səviyyəsiz, mənasız mahnıları “oxuyanlar” daha tez-tez TV kanallarına dəvət alır, nəinki Bakı Musiqi Akademiyasında peşəkar vokal təhsili almış belə ifaçılar? Bu məsələni biz musiqişünaslar dəfələrlə qabartsaq da, təəssüf ki, müsbət nəticəni əldə edə bilməmişik.
Təəssüflə onu da qeyd etməliyəm ki, bu mənfi tendensiyada, əlbəttə ki, biz ziyalıların böyük payı vardır, çünki klassik ifaçıları və bəstəkar mahnılarını, demək, yetərincə təbliğ edə bilməmişik. Bəlkə də yenidən görkəmli incəsənət xadimlərindən ibarət bədii şuraların yaranması zəruridir ki, bununla bəzi qabaqlayıcı tədbirlərin görülməsini əldə etmək mümkün olar. Xalq mahnıları və bəstəkar mahnılarının təbliğində Aynur İsgəndərlinin də iştirak etdiyi və bir neçə dəfə təşkil olunmuş “Azəri star” müsabiqəsinin rolunu göstərmək olar ki, bu gün müasir estradamızda bir sıra istedadlı gənc müğənnilərimizə həmin müsabiqənin xətti ilə peşəkar səhnəyə uğurlu yol açılıb.
Böyük həzz və zövq aldığım konsertdə Aynur İsgəndərlinin ifasında Elza İbrahimovanın “Mən sənin yanına qışda gəlirdim...” (söz: Əliağa Kürçaylı), Oqtay Kazıminin “Nə gəlməz oldun” (söz: Əli Kərim), musiqisi Ramiz Mirişliyə, sözləri İslam Səfərliyə aid “Bir könül sındırmışam”, musiqisi Emin Sabitoğluna, sözləri isə Vaqif Səmədoğluna aid “Bəlkə”, musiqisi Tofiq Quliyevin, sözləri Zeynal Cabbarzadənin olan “İlk bahar” və digər populyar mahnılar alqışlarla qarşılandı. Musiqisi İlahə Qismətin, sözləri Bəxtiyar Vahabzadənin olan “Nağıl gecəm” mahnısı duet üçün yazıldığına görə onu Aynur İsgəndərli ilə Dövlət Mahnı Teatrının solisti Fəxri Kazım Nicat birgə ifa etdilər.
Müğənninin konsert zamanı həm də Azərbaycan klassik musiqisinə müraciəti təqdirəlayiq idi. Onun görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operasından Sevilin ariyasını ifa etməsi (fortepianoda pianoçu Nigar Heydərlinin müşayiəti ilə) təsadüfi deyildi. Gənc müğənni eyni zamanda Ü.Hacıbəyli adına BMA-nın doktorantıdır və bu sətirlərin müəllifinin elmi rəhbərliyi ilə “Azərbaycan vokal sənətinin inkişafında Firəngiz Əhmədovanın rolu” mövzusunda dissertasiya üzərində səylə çalışır. Məlumdur ki, Sevil obrazını ilk dəfə opera səhnəsində 1953-cü ildə SSRİ və Azərbaycanın Xalq artisti Firəngiz Əhmədova canlandırıb. Aynurun məhz “Sevil” operasından bir ariyanı oxumasını bununla da izah etmək olar.
Bir sözlə, müğənninin olduqca maraqlı və rəngarəng tərtib edilmiş konsert proqramı vardı və solo konsert Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə yazdığı möhtəşəm “Azərbaycan” mahnısının ifası ilə yekunlaşdı.
Yeri gəlmişkən qeyd etməliyəm ki, A.İsgəndərli Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solistidir. Buna görə də konsertin bağlanışı üçün həmin mahnının seçilməsi təsadüfi deyil. Aynur bu mahnını elə yüksək tonallıqda və pafosla ifa etdi ki, dinləyən hər kəs onun həm səs ahəngindən, həm vətənpərvər ruhda ifasından, həm də yüksək tessiturada sərbəst gəzişməsindən olduqca məmnun qalaraq müğənnini “Bravo!” sədaları altında gur alqışlayaraq konsertin bitməsinə görə heyfslənirdilər. Arzu edirəm ki, belə konsertlərin sayı daha da çox olsun və istedadlı gənc ifaçılarımızın çıxışlarını bildirən afişalar tez-tez şəhərimizi bəzəsin.
Nuridə İsmayılzadə
BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, dosent