Azərbaycan

 

20 may 1883 – Xalq artisti, vokalçı Konstantin Lvoviç Knijnikov (1883-1952) anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb, Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.

20 may 1888 – Görkəmli şair və maarifçi Seyid Əzim Şirvani (Seyid Əzim Seyid Məhəmməd oğlu Mir Cəfərzadə; 9.7.1835 – 1888) vəfat edib. Doğma şəhəri Şamaxıda dəfn olunub.

20 may 1884 – Ədəbiyyatşünas və şair Salman Mümtaz (Salman Məmmədəmin oğlu Əsgərov; 1884-1941) Şəkidə anadan olub. “Molla Nəsrəddin” jurnalında məqalə və şeirləri dərc olunub. Klassik ədiblərimizin əlyazmalarını toplayıb. “Azərbaycan ədəbiyyatının qaynaqları” kitabını yazıb.

20 may 1907 – Milli səhnəmizdə çıxış edən ilk azərbaycanlı qadın müğənnilərdən biri, Xalq artisti Həqiqət Əli qızı Rzayeva (1907 – 2.8.1969) Lənkəranda doğulub. Opera və Balet Teatrının solisti olub, filmlərdə (“Ögey ana”) çəkilib.

20 may 1920 – Tanınmış filosof, Azərbaycan EA-nın müxbir üzvü Ziyəddin Bahadur oğlu Göyüşov (1920-1984) Ağdam rayonunun Boyəhmədli kəndində anadan olub.

20 may 1923 – Dramaturq, publisist Rauf Əbdülbaqi oğlu İsmayılov (1923-1980) Bakıda doğulub. “İkinci ailə”, “Son məktub” pyesləri Gənc Tamaşaçılar Teatrında səhnəyə qoyulub.

20 may 1929 – Folklorşünas alim Mürsəl İsmayıl oğlu Həkimov (1929-2006) Qazax rayonunun Kəmərli kəndində doğulub.

20 may 1940 – Əməkdar mədəniyyət işçisi, rejissor Rafiq Atakişiyev (1940 – 27.9.2012) Füzuli rayonunda anadan olub. Musiqili Komediya, Ağdam, Gəncə teatrlarında çalışıb.

20 may 1945 – Tanınmış rejissor, ssenarist, jurnalist  Davud Hüseyn oğlu İmanov (1945-2002) anadan olub. Bədii (“Zirzəmi”) və sənədli (“Sumqayıtın əks-sədası”) filmlər, “Mozalan” kinojurnalı üçün süjetlər çəkib.

20 may 2000 – Prezident Heydər Əliyev görkəmli teatr və kino xadimi, Xalq artisti Möhsün Sənaninin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

20 may 2010 – Prezident İlham Əliyev görkəmli dirijor, bəstəkar, SSRİ Xalq artisti Niyazinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

20 may 2021 – Əməkdar artist, rəqqas Qorxmaz Ağababaoğlu Qurbanov (18.7.1940 –2021) vəfat edib.

 

21 may 1922 – Şairə, dramaturq Cahan Hüseyn qızı Əfruz (Dilanova; 1922-1984) Tovuz rayonunda doğulub.

21 may 1928 – Tanınmış aktrisa, Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova (1928 – 31.8.2021) Bakıda anadan olub. 1952-ci ildən Moskvada “Romen” teatrında çalışıb. “Azərbaycanfilm” kinostudiyasında “Onun böyük ürəyi”, “Koroğlu”, “Əsl dost”, “Yenilməz batalyon” filmlərinə çəkilib.

21 may 2021 – Azərbaycanın, Rusiyanın və keçmiş SSRİ-nin Xalq rəssamı, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı Tahir Teymur oğlu Salahov (28.11.1928 – 2021) vəfat edib. Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti olub. Məşhur əsərləri: “Bəstəkar Qara Qarayevin portreti”, “Təmirçilər”, “Şəhər eşelonu” və s.

 

22 may 1888 – Yazıçı, maarif xadimi Qantəmir (Qafur Sədrəddin oğlu Əfəndiyev; 1888 – 28.1.1944) Göyçay mahalının Potu kəndində anadan olub. 1939-cu ildə Orta Asiyaya sürgün edilib, orada dünyasını dəyişib.

22 may 1918 – SSRİ Xalq artisti, görkəmli rejissor, teatrşünas, professor, Dövlət mükafatı laureatı Mehdi Əsədulla oğlu Məmmədov (1918 – 28.1.1985) Şuşada doğulub. Gəncə Dram, Akademik Opera və Balet, Akademik Milli Dram, Rus Dram teatrlarında baş rejissor işləyib. Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub. “Onu bağışlamaq olarmı?” filmində çəkilib. 

22 may 1928 – Xalq rəssamı Nadir Sadıq oğlu Qasımov (1928 – 10.3.2000) Bakıda anadan olub. Yaradıcılığında portret janrı və mənzərə əsərləri xüsusi yer tutur. Əsərləri Tretyakov qalereyasında (Moskva), MDB ölkələrinin muzeylərində saxlanılır.

22 may 1937 – Bəstəkar, Xalq artisti Aqşin Əliqulu oğlu Əlizadə (1937 – 3.5.2014) Bakıda anadan olub. “Babək”, “Qafqaza səyahət” baletləri, kantata, simfoniya və digər janrlarda əsərlərin müəllifidir. Filmlərə (“Tütək səsi”, “Sizi dünyalar qədər sevirdim”) musiqi yazıb.

22 may 2014 – Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Səttar Bəhlulzadənin Ev-Muzeyinin açılışı keçirilib.

 

23 may 1524 – Azərbaycan Səfəvilər dövlətinin banisi, böyük sərkərdə, şair Şah İsmayıl Xətai (17.7.1487 – 1524) vəfat edib. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn olunub.

23 may 1905 – Əməkdar artist, rejissor Heydər Məşədi Aslan oğlu Şəmsizadə (1905-1981) Şuşada doğulub. Ağdam Dövlət Dram Teatrında çalışıb, Aşqabaddakı Azərbaycan teatrında tamaşalar qoyub.

23 may 1919 – Xalq yazıçısı Hüseyn Məmmədəli oğlu İbrahimov (1919 – 10.4.2008) Naxçıvan MR Şərur rayonunun Şahtaxtı kəndində doğulub. “Şirin xatirə”, “Bahar yağışı”, “Qu quşları öləndə oxuyurlar” və s. kitabların müəllifidir.

23 may 1959 – Əməkdar incəsənət xadimi, pianoçu İbrahim Hacıbaba oğlu Quliyev (1959 – 16.1.2010) anadan olub. Beynəlxalq Muğam Mərkəzinin direktoru (2009-2010) işləyib.

23 may 1961 – Əməkdar incəsənət xadimi, bəstəkar Nailə Ağabala qız Mirməmmədli (1961 – 4.1.2021) Bakıda anadan olub. Xalq mahnılarını xor üçün işləyib, filmlərə musiqi yazıb.

23 may 1986 – Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (23.2.1911 – 1986) vəfat edib. Filarmoniyanın, Musiqili Komediya Teatrının direktoru, Azərbaycan Teatr Cəmiyyətinin (indiki Teatr Xadimləri İttifaqı) sədri olub.

23 may 2016 – Sloveniyanın paytaxtı Lyublyanada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin (müəllif – Ukraynada yaşayan azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov) açılış mərasimi keçirilib.

 

Dünya

 

20 may 1799 – Fransız yazıçısı Onore de Balzak (Honore de Balzac; 1799 – 18.8.1850) anadan olub. “Bəşəri komediya” silsiləsindən romanların müəllifidir.

20 may 1804 – Rus bəstəkarı Mixail İvanoviç Qlinka (1804-1857) anadan olub. “İvan Susanin”, “Ruslan və Lyudmila” operalarının müəllifidir.

20 may 1882 – Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1928) laureatı Siqrid Unset (Sigrid Undset; 1882-1949) anadan olub. “Kristin, Lavransın qızı”, “Ulav və onun uşaqları” və s. tarixi romanların müəllifidir.

20 may 1923 – Cənubi Afrika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1991) laureatı Nadin Qordimer (Nadine Gordimer; 1923 – 13.7.2014) anadan olub.

 

21 may 1471 – Alman boyakarı, qravüraçı və incəsənət nəzəriyyəçisi, İntibah dövrünün məşhur rəssamı Albrext Dürer (Albrecht Dürer; 1471-1528) anadan olub.

21 may 1906 – SSRİ Xalq artisti, rejissor, aktyor Sergey Gerasimov (1906-1985) anadan olub.

 

22 may 1813 – Alman bəstəkarı, dramaturq Rixard Vaqner (Wilhelm Richard Wagner; 1813-1883) anadan olub. Operaları: “Tristan və İzolda”, “Nibelunqlar üzüyü” (tetralogiya).

22 may 1859 – İngilis yazıçısı Artur Konan Doyl (Arthur Conan Doyle; 1859-1930) anadan olub.

22 may 1891 – Alman şairi, incəsənət nəzəriyyəçisi Yohannes Bexer (Johannes Robert Becher; 1891 – 11.10.1958) anadan olub.

 

23 may 1891 — İsveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1951) laureatı Fabian Lagerkvist (1891-1974) anadan olub. Əsərləri: “Cəllad”, “Cırtdan”, “Savilla” və s.

Hazırladı: V.Orxan