Olaylar, faktlar (20–23 may)
21 may Dialoq və İnkişaf naminə Dünya Mədəni Müxtəliflik Günüdür (World Day for Cultural Diversity for Dialogue and Development). BMT Baş Assambleyasının 2003-cü il 20 fevral tarixli qətnaməsi ilə qeyd olunur.
218 il əvvəl...
21 may 1805-ci ildə Rusiya-İran müharibəsi (1804-1813) gedişində Şəki xanlığının Rusiyaya birləşdirilməsinə dair ikinci Kürəkçay müqaviləsi bağlanıb. Mayın 14-də bağlanan birinci müqavilə ilə Qarabağ xanlığı Rusiyaya ilhaq edilmişdi. Şəki hakimi Səlim xan və Rusiyanın Qafqaz qoşunlarının komandanı general Sisianov tərəfindən imzalanan müqaviləyə əsasən, ruslar xanlığa nisbi özünüidarə vəd etmişdi. Lakin bu, işğalı pərdələmək üçün idi. Gəncə (1804), Qarabağ və Şəki xanlıqlarını (1805) ələ keçirməklə Rusiya Azərbaycanın torpaqlarının istilasını genişləndirdi.
100 il əvvəl...
23 may 1923-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kitabxanasının (indiki Milli Kitabxana) təntənəli açılışı keçirilib. Kitabxana Azərbaycan Elmlər Akademiyası Rəyasət Heyətinin binasında yerləşirdi. 1939-cu ildə kitabxanaya mütəfəkkir, yazıçı-dramaturq M.F.Axundzadənin adı verilib. 1960-cı ildə kitabxana Xaqani küçəsindəki indiki binasına (memar Mikayıl Hüseynov) köçüb. 2004-cü ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Milli Kitabxana” statusu alıb.
90 il əvvəl...
23 may 1933-cü ildə Türkiyə Böyük Millət Məclisində qəbul olunan müvafiq qanunla Havayolları Dövlət İşlətmə İdarəsi – indiki Türk Hava Yolları yaradılıb. İlk illər Milli Müdafiə Nazirliyinə bağlı olan qurum cəmi 23 sərnişin yerinə malik 5 təyyarə ilə avqust ayında xidmətə başlayıb. 2022-ci ildə Türk Hava Yolları 388 təyyarəsi ilə dünyada ən böyük 9-cu avaişirkət olub. 129 xarici ölkədə 340 hava limanına uçuşlar həyata keçirir.
74 il əvvəl...
23 may 1949-cu ildə Almaniya Federativ Respublikasının Konstitusiyası qəbul edilib və Almaniyanın ikiyə bölünməsi rəsmiləşib. ABŞ, Britaniya və Fransanın nəzarətində olan sektorlarda AFR-in (Qərbi Almaniya) yaradılmasından sonra SSRİ-nin nəzarətində olan Şərqi Almaniyada sosialist yönlü dövlət – Almaniya Demokratik Respublikası (7 oktyabr 1949-cu il) yarandı. 1990-cı ilin 3 oktyabrında iki Almaniya birləşdi.
51 il əvvəl...
20 may 1972-ci ildə Qərbi və Şərqi Kamerun birləşərək unitar dövlətə çevrilib. Birinci Dünya müharibəsi zamanı Kamerun Fransa və Britaniya tərəfindən parçalanmışdı. 1960-cı illərdə iki ayrı dövlət müstəqillik qazanmışdı.
33 il əvvəl...
22 may 1990-cı ildə Yəmən Ərəb Respublikası (Şimali Yəmən) və Yəmən Xalq Demokratik Respublikası (Cənubi Yəmən) birləşib, vahid Yəmən Respublikası yaranıb. Ərəbistan yarımadasında yerləşən Yəmən XVIII əsrdən Osmanlının nəzarətində idi, 1839-cu ildə cənub Britaniya protektoratlığına keçmişdi. 1918-ci ildə Şimali Yəmən, 1967-ci ildə isə Cənubi Yəmən müstəqillik qazanmışdı.
29 il əvvəl...
22 may 1994-cü ildə beynəlxalq birlik Yuqoslaviyanın parçalanması faktını tanıyıb. Bosniya və Herseqovina, Xorvatiya və Sloveniya BMT-yə qəbul edilib. Lakin bu qərar Balkanlarda qanlı müharibənin qarşısını ala bilmədi.
Hazırladı: V.Orxan