Son illər Lerik rayonunda turizm sektorunun inkişafı sahəsində nəzərəçarpacaq uğurlar əldə olunub. 
   Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, rayonun mənzərəli yerlərində inşa olunan turizm istirahət mərkəzlərində turistlərin dincəlmələri və mənalı istirahət etmələri üçün lazımi şərait yaradılıb. Bu obyektlərdə eyni vaxtda 700-dən çox turistin istirahət etməsi üçün hər cür şərait var.
   Lerik Rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən xəbərə görə, builki yay turizm mövsümündə turizm və istirahət mərkəzlərində 7 min 587 nəfər turist dincəlib. Bu, ötən illə müqayisədə 1107 nəfər çoxdur.
   Rayonda fəaliyyət göstərən «Relax» istirahət mərkəzi müasir standartlara tam uyğundur. Mərkəzdə xidmət sahələrinin genişləndirilməsi üçün yeni kotteclər və müxtəlif əyləncə növləri inşa olunaraq turistlərin ixtiyarına verilib. Cənub bölgəsinin müxtəlif tarix və mədəniyyət abidələrinə, digər turizm nümayiş obyektlərinə ekskursiyalar təşkil olunur və əlavə xidmətlər də təklif edilir. İstirahət mərkəzində tikintisi 2010-cu ildən başlanan “Akva-park”da inşaat işləri davam edir. Turistlərin istirahətinin daha rəngarəng təşkili üçün kanat yolunun çəkilməsi də nəzərdə tutulur.

   Fəxriyyə