Ukrayna media təmsilçilərinin Azərbaycana press-turları təşkil ediləcək
   
   Xəbər verdiyimiz kimi, oktyabrın 11-dən 13-dək Ukraynanın paytaxtı Kiyevdə 19-cu «Ukraine International Travel Market» adlı beynəlxalq turizm sərgisi keçirilib.
   
   Ölkəmiz sərgidə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
   Nümayəndə heyətinin üzvü, Turizm şöbəsinin Tədqiqat işləri, statistika və lisenziyalaşdırma sektorunun müdiri Rəhman Oruclu sərgidə Azərbaycan stendinə geniş ziyarətçi marağının olduğunu vurğuladı: “Maraqlı dizaynı və reklam-çap məhsullarının zənginliyinə görə Azərbaycanın stendi xüsusilə fərqlənirdi. Ona görə də nəinki ziyarətçilər, eyni zamanda, sərgi iştirakçısı olan müxtəlif ölkələrin təmsilçiləri tərəfindən stendimizə xüsusi diqqət vardı. Onlar ölkəmiz haqqında öz fikirlərini bildirir, həmçinin də bizdən əlavə məlumatlar alırdılar».
   Azərbaycanın stendi ilə yerli media nümayəndələri də yaxından maraqlanıb. Bir çox KİV əməkdaşları, o cümlədən də Ukrayna Jurnalistlər Assosiasiyasının nümayəndələri Azərbaycan nümayəndə heyətinə yaxınlaşaraq ölkəmiz haqqında geniş məlumat almaq istədiklərini bildiriblər: “Ölkəmizə press-turların təşkili ilə bağlı fikir mübadiləsi apardıq. Gələcəkdə Ukraynanın aparıcı media vasitələrinin nümayəndələrindən ibarət qrupun Azərbaycana dəvət edilməsi, respublikamızın turizm potensialı haqqında materialların hazırlanıb Ukrayna ictimaiyyətinə təqdim olunması ilə bağlı ilkin razılıq əldə edildi».
   R.Oruclu qeyd etdi ki, stendimizdə ölkəmizin turizm imkanlarından bəhs edən Ukrayna, rus və ingilis dillərində 30 adda reklam-çap məhsulu nümayiş olunub. Bu çap məhsulları ziyarətçilərə paylanıb: «Stendimizə yaxınlaşan ziyarətçilərin ölkəmiz haqqında ümumən məlumatlı olduqları hiss olunurdu. Bunu onların verdikləri suallardan da anlamaq mümkün idi. Ukraynalılar nəinki paytaxt Bakı, eyni zamanda bölgələrimizlə bağlı müxtəlif suallar verirdilər. Xüsusilə yaşlı nəslin nümayəndələri Naftalandakı sanatoriyalar, neftlə müalicə üsulları ilə maraqlanırdılar. Orta və gənc yaşlı ziyarətçilər isə əyləncə turizmi istiqamətləri barədə suallar verirdilər. Bütün bunları nəzərə alaraq bu nəticəyə gəlmək olar ki, əksər Ukrayna vətəndaşları Azərbaycan, onun istirahət mərkəzləri, turizm zonaları haqqında məlumatlıdırlar. Çalışacağıq ki, Ukrayna media təmsilçilərinin ölkəmizə press-turu vasitəsilə bu ölkənin ictimaiyyətinin Azərbaycan haqqında təsəvvürlərini daha da zənginləşdirək”.
   Qeyd edək ki, Azərbaycan artıq 5-ci dəfədir ki, «Ukraine International Travel Market» sərgisində iştirak edir. Budəfəki sərgidə respublikamızın turizm imkanlarını nümayiş etdirmək üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 48 kvadratmetr sahə icarəyə götürülmüşdü.
   
   Fəxriyyə Abdullayeva