Azərbaycan
24 may 1874 – Görkəmli şair, tərcüməçi Abbas Səhhət (Abbasqulu Əlabbas oğlu Mehdizadə; 1874-1918) Şamaxıda anadan olub. Rus, ərəb, fars, gürcü və fransız yazıçılarının əsərlərindən tərcümələr edərək “Məğrib günəşləri” (iki cilddə) adlı kitabında (1912) çap etdirib.
24 may 1879 – Publisist, teatr xadimi Mehdi bəy Süleyman bəy oğlu Hacınski (1879-1941) anadan olub. “Nicat” xeyriyyə cəmiyyətinin teatr bölməsinə rəhbərlik edib.
24 may 1893 – İlk azərbaycanlı qadın pianoçulardan olan Xədicə Qayıbova (1893 – 27.10.1938) Tiflisdə doğulub. Fortepianoda muğamların ifaçısı kimi məşhurlaşıb, pedaqoji fəaliyyət göstərib. Repressiya qurbanıdır.
24 may 1893 – Ədəbiyyatşünas Mustafa Zəkəriyyə oğlu Quliyev (1893-1938) Şəkidə anadan olub. Xalq maarifi komissarı (1922-1928), “Maarif və mədəniyyət”, “İnqilab və mədəniyyət” jurnallarının məsul redaktoru işləyib. Repressiya qurbanıdır.
24 may 1898 – Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqlarından biri, publisist, dramaturq, tərcüməçi Mirzə Bala Məmmədzadə (1898 - 8.3.1959) Bakının Zirə kəndində doğulub. 1924-cü ildə İrana, oradan Türkiyəyə mühacirət edib. Azərbaycan mühacirətinin mətbu orqanlarında yazılar yazıb, İstanbulda vəfat edib.
24 may 1899 – Şairə Ümgülsüm Sadıqzadə (1899-1944) Bakının Novxanı kəndində doğulub. 1937-ci ildə həyat yoldaşı, yazıçı Seyid Hüseyn repressiya edilərək güllələnib, Ü.Sadıqzadə Mordoviya həbs düşərgəsinə göndərilib. 1944-cü ilədək həbsdə qalıb.
24 may 1913 – Aşıq Ağalar (Ağalar Bilal oğlu Mikayılov; 1913-1988) Ağsu rayonunda Qəşəd kəndində doğulub.
24 may 1925 – Ədəbiyyatşünas, türkoloq Cavad Heyət (1925 – 12.8.2014) Təbrizdə doğulub. Azərbaycan dilində “Varlıq” jurnalını nəşr etdirib.
24 may 1930 - Şair, tərcüməçi Əli Səngərli (Məmmədov; 1930 – 23.4.2009) Borçalı bölgəsinin Faxralı kəndində anadan olub.
24 may 1948 – Xalq artisti Fuad Ağarəhim oğlu Poladov (1948 – 5.5.2018) Bakıda doğulub. Akademik Milli Dram, Akademik Rus Dram teatrlarında çalışıb. Kinoda (“Güllələnmə təxirə salınır!...”, “Ovsunçu”, “Küçələrə su səpmişəm” və s.), televiziya tamaşalarında xarakterik obrazlar qalereyası yaradıb.
24 may 1967 – Ədəbiyyatşünas, yazıçı-dramaturq, dövlət xadimi Şıxəli Qurban oğlu Qurbanov (16.8.1925 – 1967) vəfat edib. “Əcəb işə düşdük”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu” və s. pyeslərin müəllifidir.
24 may 1984 – Əməkdar artist, xanəndə Haşım Səmədbəy oğlu Kələntərli (1899, Lənkəran – 1984) vəfat edib. Opera və Balet Teatrında çalışıb.
25 may 1955 – Xalq artisti Ramiz Qəvvam oğlu Novruzov (Ramiz Novruz; 1955 – 21.2.2023) Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. Sumqayıt teatrında çalışıb, 1981-ci ildən Milli Dram Teatrının aktyoru olub. Filmlərdə (“Sizi dünyalar qədər sevirdim”, “Cavad xan”, “Cavid ömrü” və s.) çəkilib.
25 may 1991 – Xalq rəssamı Hüseyn Əlirza oğlu Əliyev (22.4.1911 – 1991) vəfat edib. “Kommunist” qəzetində (indiki “Xalq qəzeti”) rəssam işləyib. Əsasən qrafika ilə məşğul olub, mənzərə ustası kimi tanınıb.
26 may 1877 – Maarifçi-alim Mirzə Məhəmmədəli Tərbiyət (1877 – 17.1.1940) Təbrizdə doğulub. Şəhərdə yeni tipli “Tərbiyət” mədrəsəsi və kitabxana açıb. Azərbaycan mədəniyyəti tarixini əhatə edən “Danişməndani-Azərbaycan” ensiklopedik toplusunun müəllifidir.
26 may 1894 – Ədəbiyyatşünas, publisist Vəli Məmmədhüseyn oğlu Xuluflu (1894-1938) Şəmkir rayonunun Xuluflu kəndində doğulub. 20-ci illərdə Azərbaycanda latın qrafikalı əlifbanın tətbiqində aktiv fəaliyyət göstərib, Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun direktoru işləyib. “El aşıqları” toplusunu tərtib edib. Repressiya qurbanıdır.
26 may 1914 – Xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyev (1914 – 3.10.1996) Füzuli şəhərində anadan olub. “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin (“Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mahnı dağlarda qaldı”, “Şeyx Xiyabani”, “Hökmdar və qızı” və s.) müəllifidir.
26 may 1938 – Şair Adil Rəsul (1938-1997) Şamaxı şəhərində anadan olub. Şeirlərinə mahnılar (“Limanda”, “Gəl” və s.) bəstələnib.
Dünya
24 may 1899 – Belçika əsilli fransız şairi, rəssam Anri Mişo (1899-1984) anadan olub.
24 may 1905 – Rus yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1965) Mixail Şoloxov (1905 - 21.2.1984) anadan olub. Əsərləri: “Sakit Don”, “Oyanmış torpaq”, “İnsanın taleyi” və s.
24 may 1940 – Rus şairi, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1987) İosif Aleksandroviç Brodski (1940 – 26.1.1996) anadan olub.
25 may 1803 – Amerika şairi, filosof Ralf Voldo Emerson (1803-1882) anadan olub.
25 may 1905 – Ukrayna yazıçı-dramaturqu, akademik, dövlət xadimi Aleksandr Yevdomikoviç Korneyçuk (1905-1972) anadan olub.
26 may 1822 – Fransız yazıçısı Edmon de Qonkur (Edmond Huot de Goncourt; 1822-1896) anadan olub. Yazıçı Jül de Qonkurun (1830-1870) böyük qardaşıdır. Fransanın ədəbiyyat üzrə Oonkur mükafatı (Prix Goncourt) onların şərəfinə təsis edilib.
26 may 1842 – Gürcü yazıçısı və şairi Georgi Seretelli (1842-1900) anadan olub. Əsərləri: “İlk addım”, “Asimat xala”, “Boz qurd” və s.
26 may 1904 – Türk şairi və mütəfəkkiri Nəcib Fazil Qısakürək (1904 – 25.5.1983) anadan olub.
Hazırladı: V.Orxan