Olaylar, faktlar (24–26 may)
196 il əvvəl...
26 may 1827-ci ildə Rusiya-İran müharibəsi (1826-1828) gedişində rus qoşunları Azərbaycanın Naxçıvan şəhərini işğal ediblər. Bundan sonra Rusiya ordusu İrəvana, ardınca isə Təbriz, Urmiya və Ərdəbilə daxil oldu. Müharibə 1828-ci ildə Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiyaya birləşdirilməsi ilə başa çatdı.
158 il əvvəl...
25 may 1865-ci ildə Amerikada vətəndaş müharibəsi (Şimal-Cənub müharibəsi) başa çatıb. Dörd il sürən müharibə Şimal ştatlarının qələbəsi ilə yekunlaşıb. Cənub ştatları Şimalın diktəsini (o cümlədən quldarlığın ləğvi) qəbul etməli oldular. Müharibədə hər iki tərəfdən ümumilikdə 360 min insan həlak olmuşdu.
113 il əvvəl...
24 may 1910-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəylinin ilk musiqili komediyası – “Ər və arvad” əsəri səhnələşdirilib. Azərbaycanda ilk milli operettanın tamaşası Bakıda Nikitin qardaşları sirkinin səhnəsində göstərilib.
105 il əvvəl...
26 may 1918-ci ildə Tiflisdə Zaqafqaziya Seyminin son iclası keçirilib. Gürcü heyəti Zaqafqaziyanı vahid dövlətdə birləşdirməyin qeyri-mümkün olduğunu bildirərək federasiyadan çıxıb. Seymin buraxılması, Zaqafqaziya Federativ Respublikasının ləğvi barədə qərar qəbul olunub. Həmin gün Gürcüstanın müstəqilliyi elan edilib. Zaqafqaziya Federasiyasının cəmi bir ay mövcud olmasının əsas səbəblərindən biri erməni tərəfin həm Azərbaycana, həm də Gürcüstana ərazi iddiaları idi.
103 il əvvəl...
24 may 1920-ci ildə Azərbaycan Müvəqqəti İnqilab Komitəsi neft sənayesinin milliləşdirilməsi haqqında dekret verib. Gerçəkdə isə neft bolşevik Rusiyasının nəzarətinə verilmişdi. Azərbaycan Neft Komitəsinə (Azneft) rəhbərlik V.Lenin tərəfindən Bakıya göndərilən A.Serebrovskiyə tapşırılmışdı.
***
25 may 1920-ci ildə Gəncədə Azərbaycanın sovetləşməsinə qarşı üsyan başlayıb. Üsyana Cavad bəy Şıxlinski, Mirzə Məhəmməd Qacar və Cahangir bəy Kazımbəyov rəhbərlik edirdi. Bolşeviklər üsyanın yatırılması üçün şəhərə əlavə ordu hissələri yeridiblər. Gəncədə yaşayan ermənilər rusların ordusuna kömək edirdilər. Üsyan mayın 31-də qəddarlıqla yatırıldı.
87 il əvvəl...
25 may 1936-cı ildə Bakı Soveti yanında Simfonik konsertlər idarəsinin bazasında Azərbaycan Dövlət Filarmoniyası yaradılıb. Filarmoniyanın yerləşdiyi bina 1912-ci ildə “İctimai toplantılar üçün yay binası” olaraq inşa edilmişdi. 1920-ci ildə təşkil edilən Azərbaycan Dövlət Simfonik Orkestri, digər musiqi kollektivləri burada çıxış edirdi və 1936-cı ildə Filarmoniyada birləşdirildi. 1937-ci ildə bəstəkar Müslüm Maqomayevin vəfatından sonra Azərbaycan Dövlət Filarmoniyasına onun adı verildi.
77 il əvvəl...
25 may 1946-cı ildə İordaniya dövlət müstəqilliyini (İordaniya Haşimi Krallığı) əldə edib. 1918-ci ilədək (4 əsr) Osmanlı imperiyasının tərkibində olan İordaniya Birinci Dünya müharibəsinin yekunu olaraq Britaniyanın protektoratlığına keçmişdi. 1921-ci ildə Transiordaniya əmirliyi kimi nisbi özünüidarə əldə etmişdi.
67 il əvvəl...
24 may 1956-cı ildə İsveçrənin Luqano şəhərində ilk “Avroviziya” mahnı müsabiqəsi keçirilib. 7 ölkənin qatıldığı yarışmanın qalibi İsveçrəni təmsil edən müğənni Liz (Lys) Assia (2018-ci ildə 94 yaşında vəfat edib) olub.
18 il əvvəl...
25 may 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Azərbaycan hissəsinə neftin vurulması ilə bağlı mərasim keçirilib. Səngəçal terminalında gerçəkləşən mərasimdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan prezidentləri, ABŞ-nin energetika naziri iştirak ediblər. 2006-cı ilin mayında neft Türkiyənin Aralıq dənizi sahilindəki Ceyhan limanına yetişdi.
Hazırladı: V.Orxan