“Cəhənnəm sakinləri” tamaşası sayəsində müəllifin yubiley axşamına da şahidlik etdik

 

Teatrda hər şey mümkündür və təsvir olunan hadisə, ümumi prosesə nəzər anlamında cəhənnəmin özü də bir metafora ola bilir. Deməli, istənilən vaxt müəllif və rejissorun könlündən keçsə, cəhənnəmdən gələn də olar, üstəlik, başımızı gicəlləndirəcək qədər fırfıra kimi hərlədən də...

Mayın 19-da Akademik Milli Dram Teatrında başımızı gicəlləndirən “Cəhənnəm sakinləri” tamaşası sayəsində bizi elə də uzaq olmayan keçmişlə təkbətək qoyan müəllifin – Xalq yazıçısı Elçinin 80 illik yubiley axşamına da şahidlik etdik.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə əvvəlcə Xalq artisti Nurəddin Mehdixanlı çıxış edərək Elçinin sevilən ədib olduğunu, onun yaradıcılığının, o cümlədən dram əsərlərinin oxucular tərəfindən böyük maraqla qarşılandığını bildirdi. Vurğuladı ki, yazıçının pyesləri tamaşaçıya da, yaradıcı heyətə də eyni həzzi yaşadıb: azad şəkildə özünüifadə. Bildirdi ki, o, teatrda yetişən, səhnənin imkan və təsir gücünü bilən dramaturq olduğundan toxunduğu bütün mövzular səhnədə asanlıqla özünə  yer qazanır.

Teatrşünas, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə Elçinin yaradıcılığından maraqlı məqamlara toxundu. Bildirdi ki, Elçinin dramaturgiyası özünəməxsusluğu və bədii qüdrəti ilə seçilir, onun pyesləri müasir dramaturgiyamızda ayrıca bir dövr təşkil edir. Elçin yaradıcı insan kimi təbiətən çox sürətlə yenilənməyi bacaran, özünəməxsus dinamikada olan, zamanla eyni addımlar atan bir ədibdir. O, dünya səviyyəli yazıçıdır, əsərləri fərqli dillərdə və səhnələrdə özünə yer tapıb, çünki ümumbəşəri dəyərlərə toxuna bilən  və bu sayədə milli məsələləri də qlobal dünyanın diqqətinə çatdırmaq iqtidarında olan müəllifdir.

Teatrşünas, Əməkdar incəsənət xadimi, professor İlham Rəhimli də yubilyar müəllifin dram yaradıcılığına nəzər saldı. Bildirdi ki, Elçin daim arzulanan, rejissorlar tərəfindən sevilən və cəmiyyətin nəbzini tutan müəllifdir. Azərbaycan teatrında son 70 ildə İlyas Əfəndiyevdən sonra ikinci dramaturq Elçindir ki, Akademik Milli Dram Teatrının səhnəsində 11 əsərinə səhnə həyatı verilib. O, Azərbaycanda yeganə yazıçı-dramaturqdur ki, 3 nəsr əsəri – “Ağ dəvə”, “Mahmud və Məryəm”, “Ölüm hökmü” romanları səhnəşdirilərək tamaşaya qoyulub. Çox qısa müddətdə bu əsərləri teatra gətirib.

Müəllifin əsərlərinin səhnə uzunömürlüyü ilə bağlı məqamları da diqqətə çatdıran İ.Rəhimli Elçinin teatrın tələb-təkliflərini asanlıqla duya və tamaşaçı ilə rabitədə ən incə məqamları tuta bildiyini də vurğuladı.

80 illik dolğun ömrün ədəbiyyat, dramaturgiya ilə iç-içə 60 ilə yaxın dövrünə nəzər xarakterli çıxışlardan sonra gözüyumulu cəhənnəmə yuvarlanan könüllü qurbanların dramına baxdıq.

Elçinin eyniadlı pyesi əsasında mərhum rejissor, Xalq artisti Azər Paşa Nemətovun quruluş və səhnə tərtibatı verdiyi “Cəhənnəm sakinləri” tamaşası 2017-ci ildən Akademik Milli Dram Teatrının repertuarındadır. Premyerasından əks-səda doğuran səhnə əsərində Xalq artistləri Məleykə Əsədova (Qadın), Nurəddin Mehdixanlı (Şeytan), Əməkdar artistlər Elşən Rüstəmov (Kişi), Mirzə Ağabəyli (Qonşu), aktyorlar Vüsal Mustafayev, Elçin Əfəndi, Ləman İmanova, Rüstəm Rüstəmov, Rada Nəsibova, Ramin Şıxəliyev və Xədicə Novruzlu çıxış edirlər. Rejissor Anar Sadıqov, rejissor assistenti Dilbər İsmayılova, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Tamaşada Azər Dadaşovun musiqisindən istifadə olunub.

Səhnə əsəri 1937-ci ildə bütün ölkəni əhatə edən repressiya hadisələrindən bəhs edir. İnsanlara qarşı kütləvi təqib, mənəvi təzyiq ər və arvadı üz-üzə qoyur, beləcə, onlar böyük qorxunun əsarəti altında satqına çevrilirlər. Günahlarını bir-birindən gizlətməyə çalışsalar da, günlərin birində evlərində peyda olan çağırılmamış qonaq (ər-arvada görə Şeytan) onların əsl mahiyyətini üzə çıxarır, eyni zamanda, qorxunun insan həyatında hansı faciələrə səbəb olduğunu göstərir.

İkihissəli səhnə əsərinin ən böyük uğuru onun aydın, biçimli və çoxşaxəli rejissor yozumuna malik olmasıdır. Biz sadə tərtibat – səhnəyə gələn müxtəlif qapılar və onların arxasında “kommunalka” dediyimiz mənzillərin Yeni il süfrəsi arxasına toplanmış sadə sakinlərini görürük. Bu qonşular nisbətən daha dəbdəbəli həyat yaşayan ideologiya qulu  qonşu ər-arvaddan fərqli olaraq rahatdırlar. Məsələn, qonşulardan biri şampan tapmağına dəli kimi sevinir, digəri qrammofon valında musiqilərə feyzyab olur, başqa biriləri masanın səliqə-sahmanına görə dəridən-qabıqdan çıxırlar. Bircə Qadın narahatdır. Gözü yolda, qulağı səsdə növbəti ifşa iclasından gələcək ərini gözləyir. Budur, qan-tər içində Kişi də özünü yetirir. Küncə qısılmış məhkum kimi əl-ayağı əsir. Rahat görünməyə, özünə qondarma bayram ovqatı, üzünə saxta təbəssüm verməyə çalışsa da, çox narahatdır.

İfşa iclasının son qurbanlarını sadalayan ərini gah ittiham, gah məzəmmət, gah da mədh edən xanım da heç cür rahatlıq tapa bilmir. Nəhayət, hamı böyük masa ətrafına toplaşır. Bu dəm “qara maşın”dan gələn uğultulu səs qara çəkmələrdən çıxan səslərlə əvəzlənir. Əvvəlcə qapının zəngi basılır, sonra aramsız yumruqlanır. Zabit “Mirzə”ni xəbər alır və sürüyə-sürüyə aparır. Sözsüz ki, bədbəxt arvadı da onun arxasınca. Bu minvalla güclə tapdığı şampanı ilin təhvili ilə aça bilməyən də, özündən başqa hamını xain hesab edib qaça-qaça nişan verən də masadan gedir.

Masa demişkən, bu, rejissorun məşhur “Sonuncu şam yeməyi” əsərinə səhnə eyhamı da sayıla bilər ki, ideya baxımından orada da burda olduğu kimi, hamı, əslində, günahsız, həm də günahkar, hər şey ani və həm də əbədidir.

Budur, ər və arvad (Kişi və Qadın) masada tək qalırlar. Deməli, artıq satqın və “xalq düşməni” axtarmaq və donos üçün səbəb və hədəf ipinin ucları bir-birinə çatıb. Məhz bu an onların müharibəsi, Şeytan dedikləri ilə döyüşü başlayır. Əslində, hər kəs içindəki şeytana boy verib, onun gücünə arxalanaraq görünən selin axınından qaçmağa çalışır.

NKVD zabitini şeytan qismində görən, onu sıradan çıxarmaq üçün dondan-dona girən ziyalı kommunistlər də yepyekə mifin cılız qurbanı olurlar. Necə deyirdilər? İdeologiya öz törəmələrini daha asan həzm edir...

Tamaşa boyu rejissorun iki düşünülmüş mizanı – bütün qonşuların bir yerə cəm olunması və finalda sahibləri repressiya olunmuş boş stulların “uçuşu” idi. Əslində, bunun çox sadə və həm də dərin izahı var: sənin ən qatı düşmənin ən yaxınındakı, ən böyük uğursuzluğun arxanda buraxdığın boşluqdur.

Tamaşanın başqa bir uğuru xarakter müxtəlifliyi və rejissorun dramaturji material sayəsində hər cür cildə saldığı aktyor ansamblıdır. Nəticə etibarilə biz istər özlərini və qonşularını NKVD-yə satan və xəyanətlərinin üzə çıxdığı kəskin psixoloji durumlarda əsl xislətini üzə çıxaran Qadın (Məleykə Əsədova) və Kişi (Elşən Rüstəmov), istərsə də başlanğıcda komik, finalda dramatik planda gah qaranlıqda peyda olan qara qüvvə, gah  şeytan, gah NKVD işçisi, gah da sadəcə, içimizdəki səs ola bilən Qonaq (Nurəddin Mehdixanlı) yaxşı təsir bağışladılar.

Ümumən tamaşanın istər əsas, istərsə də köməkçi obrazlarında bitkin aktyor oyunu var idi. Tamaşanın hadisələri lokallıqdan çıxaran musiqi tərtibatı – kilsə musiqilərindən istifadə və yarıqaranlıq işıq fonunda iki dünya arasında çaxnaşma isə bizi daha bəşəri, daha fundamental məxəzlərə çəkib aparır...

Həmidə Nizamiqızı