Ölkəmizdən reyestrə daxil edilən nümunələrin sayı 5-ə çatıb

 

Xəbər verdiyimiz kimi, 10-24 may tarixlərində Parisdə UNESCO İcraiyyə Şurasının 216-cı sessiyası keçirilir. Sessiya çərçivəsində Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim etdiyi “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub.

Qaydalara əsasən, Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənən siyahı müzakirə və təsdiq üçün UNESCO İcraiyyə Şurasının sessiyasına təqdim edilir və qəbul olunduqdan sonra reyestrə salınmış hesab olunur.

UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda görkəmli şairə, rəssam və xeyriyyəçi Xurşidbanu Natəvanın (1832-1897) müsəlman Şərqində yerləşən Azərbaycanda ədəbi məclisə rəhbərlik etdiyi göstərilir. Qarabağ xanlığının son varisi hesab edilən Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu bildirilir. Natəvanın şəxsiyyəti Azərbaycan qadınının fenomeni kimi təqdim olunur. Şairənin Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhfə də vurğulanır.

Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.

Təqdim olunan nominasiyanın sənədi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova tərəfindən hazırlanıb.

Xatırladaq ki, Natəvanın “Gül dəftəri” şeir albomunda üç rəsm əsəri bu ilin 21 martında UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü çərçivəsində təşkil olunan sərgidə ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyi tərəfindən nümayiş etdirilmişdi.

Qeyd edək ki, indiyədək Əlyazmalar İnstitutunda saxlanılan 4 unikal nümunə – Rüstəm Cürcaninin “Zəxireyi-Nizamşahi”, Əbülqasim Zəhravinin “Əl-məqələtus-səlasim”, Əbu Əli ibn Sinanın “Əl-qanun fit-tibb” və Məhəmməd Füzulinin ana dilimizdə olan “Divan”ı Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daxil edilib.