Yaxın gələcəkdə Azərbaycan vətəndaşları bu ölkəyə 8-10 gün ərzində viza ala biləcək
   
   Oktyabrın 12-də “Park İnn” hotelində «Atout France» turizm agentliyinin Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri üçün Fransa kurortlarının təqdimatı keçirildi.

   
   Tədbirdə çıxış edən «Atout France» agentliyinin Rusiya nümayəndəliyinin kommersiya məsələləri üzrə meneceri Anastasiya Kurçevskaya qurumun fəaliyyəti barədə danışdı. Onun sözlərinə görə, 1987-ci ildən fəaliyyət göstərən «Atout France» Fransanın aparıcı turizm şirkətləri ilə MDB ölkələrində fəaliyyət göstərən turizm şirkətlərinin işçi görüşlərini təşkil edərək onların arasında əlaqə yaradır. Hazırda agentlik 30 ölkədə təmsil olunur. «Atout France»nin 2002-ci ildə Moskvada açılan nümayəndəliyi eyni zamanda MDB ölkələrini də əhatə edir.
   Fransanın dünyada ən çox turist cəlb edən ölkə olduğunu vurğulayan A.Kurçevskaya ölkənin turizm regionları haqqında toplantı iştirakçılarına məlumat verdi. Bildirdi ki, Fransanı daha yaxından tanıtmaq məqsədilə bu yaxınlarda onlayn təhsil layihəsinə start verilib. Bundan sonra www.formation.franceguide.com saytında qeydiyyatdan keçərək bu layihədə iştirak etmək mümkün olacaq. Təhsili uğurla başa vuranlara isə Fransa üzrə mütəxəssis olduğunu təsdiqləyən diplom təqdim ediləcək.
   A.Kurçevskaya onu da bildirdi ki, bir çox turistlər Fransa kurortlarının həddən artıq bahalı olduğunu düşünür: «Əlbəttə, Fransanın bahalı kurortları çoxdur. Onlardan Kurşevel, San Bartelemi, Qrenobl, Şamberi və s. adını çəkmək olar. Lakin elə həmin kurortlarda münasib qiymətlərə hotel və xidmətlərdən istifadə etmək mümkündür. Azərbaycan turistləri üçün əlverişli məqamın biri odur ki, həftədə 4 dəfə Bakı-Paris marşrutu üzrə birbaşa aviareys mövcuddur».
   Tədbirdə eyni zamanda Fransanın turizm potensialı haqqında yeni sayt - ru.rendezvousenfrance.com təqdim edildi. Saytda göstərilən ölkə haqqında ümumi informasiya ilə yanaşı, agentliyin işlədiyi turizm şirkətləri haqqında ətraflı məlumat əldə etmək mümkündür.
   Tədbirdə Fransada fəaliyyət göstərən turizm şirkətləri, hotellər, istirahət zonaları və dağ-xizək kurortlarının nümayəndələri Azərbaycanla turizm sahəsində əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdilər və geniş təqdimatla çıxış edərək təkliflərini səsləndirdilər.
   Qeyd edək ki, Fransa səfirliyi ölkəmizin vətəndaşları üçün vizanın verilmə müddətini azaltmaq niyyətindədir. Bu barədə jurnalistlərə açıqlama verən Fransanın Azərbaycandakı səfiri Paskal Mönienin sözlərinə görə, iki ölkə arasında əlaqələr ilbəil inkişaf etdirilir və bu əlaqələr gələcəkdə də genişləndiriləcək: «Biz bir çox istiqamətlərdə, o cümlədən turizm sahəsində əməkdaşlığı genişləndirmək niyyətindəyik. Hazırda Azərbaycan vətəndaşları üçün vizanın verilmə müddətinin azaldılması istiqamətində işlər aparılır. Yaxın gələcəkdə Azərbaycan vətəndaşları vizanı 10, hətta 8 gün ərzində ala biləcək». Xatırladaq ki, hazırda Fransa səfirliyindən vizanın alınması üçün təxminən 15 gün tələb olunur.

  Fəxriyyə  







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar