Yeddi ölkənin iştirak etdiyi festivalın baş mükafatını Azərbaycan təmsilçisi qazandı...

 

“Kainat” Gənclik Mərkəzinin layihəsi ilə ənənəvi olaraq keçirilən Beynəlxalq Uşaq Muğam Festivalı bu il 13-cü dəfə müxtəlif ölkələrdən ifaçıları bir araya gətirdi. 

Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Nurgün Group” və “Bestcomp Group”un sponsorluğu, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşən festivalın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi mayın 20-də Beynəlxalq Muğam Mərkəzində keçirildi.

Tədbiri “Kainat” Gənclik Mərkəzinin direktoru Kamran Rəsulzadə açaraq bildirdi ki, pandemiya fasiləsindən sonra davam edən builki festival Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Festivalın məqsədi muğam sənətimizi respublikamızda və xaricdə təbliğ etməkdir. 1996-cı ildə respublika miqyaslı festival kimi əsası qoyulan və daha sonra beynəlxalq festivala çevrilən layihə müxtəlif ölkələrdən istedadların (16 yaşadək) üzə çıxarılması və dəstəklənməsinə, muğam sənətinin yaşadılması və təbliğinə, yaradıcılıq əlaqələrinə və bu sənətin tədrisi sahəsində təcrübə mübadiləsinə töhfə verir.

Final mərhələsində festivalın formatına uyğun olaraq hər ölkəni 3 gənc istedad və 1 mütəxəssis (beynəlmiləl münsiflər heyətinin üzvü) təmsil edirdi.

Görkəmli tarzən, Xalq artisti Ağasəlim Abdullayevin sədrlik etdiyi beynəlxalq münsiflər heyəti qarşısında Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan ifaçılar öz məharətlərini nümayiş etdirdilər. Sonra festivalın qalibləri müəyyən olundu.

Festivalın baş mükafatını ölkəmizdən Mətləb Əhmədzadə qazandı. I yerə Bark Örenoğlu (Türkiyə) və Soyun Orazdurdiyev (Türkmənistan), II yerə Mədinə Kərimjonova (Özbəkistan) və Salar Purmuhseni (İran) layiq görüldülər. Omurbekova Gulkaiyr (Qırğızıstan), Madi Yeldessov (Qazaxıstan) və Yusif Sadıqov (Azərbaycan) isə III yerin sahibi oldular.

Bundan başqa, “Festivalın ən gənc əcnəbi iştirakçısı” nominasiyası üzrə Şahzoda Jalolova (Özbəkistan) və “Yüksək milli koloritin nümayişinə görə” nominasiyası üzrə Soyun Orazdurdiyev (Türkmənistan) Azərbaycan Mədəniyyət Nazirliyinin diplom və mükafatlarına layiq görüldü.

Həmçinin beş iştirakçıya həvəsləndirici mükafat, eləcə də Azərbaycan Gənclər və İdman Nazirliyi və festivalın təşkilat komitəsi tərəfindən xüsusi nominasiyalar üzrə laureat olan iştirakçılara diplom və hədiyyələr təqdim olundu.

Qeyd edək ki, XIII Beynəlxalq Uşaq Muğam Festivalının Azərbaycan üzrə seçimləri aprelin 15-də keçirilmiş və 78 iddiaçı arasından 3 nəfər finalda ölkəmizi təmsil etmək hüququ qazanmışdı.

Lalə Azəri