C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı “Heydər Əliyev İli”nə töhfə olaraq respublika miqyaslı qastrol səfərinə çıxıb. Səfər Mədəniyyət Nazirliyinin dəstəyi, regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə həyata keçirilir.
Qocaman sənət ocağı qastrola şair-dramaturq İftixarın “Nurlu ömrün anları” mənzum tamaşasının nümayişi ilə mayın 22-də Oğuz rayonunda başlayıb. Ulu öndər Heydər Əliyevin ömrünün ən parlaq anlarının təcəssüm olunduğu səhnə əsəri qastrol boyu digər şəhər və rayonlarda da nümayiş olunacaq.
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin sözlərinə görə, səfərin iki mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələ Şəki, Bərdə, Ağdaş, İsmayıllı, Kürdəmir, Sumqayıt regional mədəniyyət idarələri üzrə Oğuz, Şəki, Zaqatala, Qax, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağdaş, Göyçay, Ucar, Zərdab, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Kürdəmir, İmişli, Beyləqan, Füzuli, Abşeron rayonlarını və Sumqayıt şəhərini əhatə edir.