Noyabrın 5-dən 8-dək Londonda «World Travel Market-2012» (WTM) beynəlxalq turizm sərgisi keçiriləcək. Dünyanın ən böyük turizm sərgilərdən olan WTM yeni tanışlıqlar, biznes görüşləri, şirkətlərarası əməkdaşlıq üçün geniş imkanlar yaradır. Budəfəki sərgidə ölkəmizin turizm imkanları daha geniş formatda ziyarətçilərə təqdim ediləcək.
   Tədbirdə iştirak edəcək «Victory Tour» turizm şirkəti bu məqsədlə xüsusi təqdimat hazırlayıb. Şirkətdən verilən məlumata görə, sərgidə ölkəmizin tarixi və mədəniyyət abidələri, turizm obyektləri haqqında məlumatlarla yanaşı, ziyarətçilərlə Azərbaycan üzrə kulinariya turu təqdim ediləcək. Qeyd edək ki, «Victory Tour» mütəmadi olaraq kulinariya turu təşkil edir. Bu layihə sentyabrın 6-7-də Bakıda keçirilən «İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm» beynəlxalq konfransında Dünya Turizm Təşkilatının mütəxəssisləri tərəfindən də yüksək qiymətləndirilib. Şirkət 2010-cu ildən başlayaraq «Explore Azerbaijan» layihəsini müxtəlif sərgilərdə və www.exploreazerbaijan.com internet resursu vasitəsilə uğurla təbliğ edir, ölkəmiz üzrə müxtəlif turist marşrutları, hotellər və digər informasiyanı turistlərə çatdırır.
   «Victory Tour»un marketinq üzrə meneceri Vüsalə Sərxanovanın sözlərinə görə, London sərgisi turizm sahəsində fəaliyyət göstərən peşəkarlar arasında işgüzar əlaqələr qurmaq üçün böyük fürsətdir. Qeyd edək ki, «WTM-2012» sərgisində ən maraqlı stendlərə müxtəlif hədiyyə və mükafatların verilməsi də nəzərdə tutulur. Sərginin ən mötəbər mükafatı olan “World Travel Market Pride of Agents Awards” bir il ərzində seçilən iştirakçıya veriləcək. «Victory Tour» şirkəti də bu mükafatı almağa iddialıdır.
   

   Fəxriyyə Abdullayeva