Festivala altı ölkədən ifaçılar qatılıb...

 

Xəbər verdiyimiz kimi, mayın 21-dən 25-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda ilk “Müasir Musiqi Günləri” festivalı keçirilir. Festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerika bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.

Mayın 21-də Beynəlxalq Muğam Mərkəzində festivalın açılış konserti oldu.

Konsertdən əvvəl çıxış edən Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova diqqətə çatdırdı ki, hələ ötən əsrin 80-ci illərinin sonlarında Bakıda dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş Beynəlxalq Müasir Musiqi Festivalının əsası qoyulmuşdu. Sonralar müəyyən fasilələrlə keçirilən festival növbəti dəfə 2018-ci ildə Q.Qarayevin 100 iliyi münasibətilə nəzərdə tutulsa da, gerçəkləşmədi. O vaxt festivalın bədii rəhbəri, Xalq artisti, professor Fərəc Qarayev bunu təəssüflə elan edəndə musiqisevərlərdə nə vaxtsa bu ideyanın bərpa olunacağına ümid qalmışdı. Nəhayət, dahi bəstəkarın anadan olmasının 105-ci ildönümündə “Bakı Müasir Musiqi Günləri” adlı bu festival reallaşdı: “Bütün dünyada, o cümlədən ölkəmizdə məhz bu gün yazılan musiqinin ifasına böyük ehtiyac duyulur. Bu festivalın məqsədlərindən biri də elə budur. Düşünürük ki, festival Azərbaycanda müasir bəstəkarlıq məktəbinin bir platformasına çevrilə bilər”.

Bildirildi ki, festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan da ifaçıların iştirakı nəzərdə tutulur. Onların arasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var. Macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramına ölkəmizdə ilk dəfə ifa olunan əsərlər də salınıb. Proqramda G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərləri yer alıb.

Sonra söz musiqiyə verildi.

Konsertdə Qleb Xoxlov, Nadir Zeynalov, Ümid Mustafazadə, Fatimə Nəsirli (hamısı violin), Rəna Rəhimova, Üzeyir Mahmudbəyli (hər ikisi viola), Yulia Miqunova, Ərol Rzayev (hər ikisi violonçel), Zakir Əsədov, Rəna Fərhadova (hər ikisi piano), Szilard Benes və Andrey Yurgenson (hər ikisi klarnet) çıxış etdilər.

Proqramda yerli bəstəkarlardan Tahir İbişovun “Simli kvartet”, Səid Qəninin “Kaleydoskop silsiləsindən prelüd”, xarici bəstəkarlardan Janis Petraşkeviçsin “Mətn və əlifba”, Beat Furrerin “Lied”, Salvatore Sciarrinonun “Let me die before i wake” və Georg Friedrich Haasın “2 nömrəli simli kvartet” əsərləri ifa edildi.

Çıxışlar alqışlarla qarşılandı.

***

Mayın 22-də festival çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Yulia Miqunova (violonçel) tərəfindən “Müasir musiqidə ifaçının rolu” adlı mühazirə keçirilib, Qleb Xoxlovun (violin) təqdimatında ustad dərsləri təşkil olunub.

Həmin gün Beynəlxalq Muğam Mərkəzində iki konsert keçirilib. “Portretlər” adlı konsertdə Avital Cohen (fleyta) çıxış edib. Günün ikinci konsertində isə Avital Cohenlə yanaşı Szilard Benes, Andrey Yurgenson (hər ikisi klarnet), Qleb Xoxlov (violin), Yulia Migunova (violonçel), Fidan Ağayeva-Edler və Rəna Fərhadova (hər ikisi piano) çıxış ediblər.

Konsertlərdə Türkər Qasımzadənin, eləcə də Jacques Vildberger, Daniel Veissberq, Morton Feldman və Nils Vigeland və digər xarici bəstəkarların əsərləri ifa edilib.

***

Mayın 23-də ADMİU-da bəstəkar Daniel Veissberqin ustad dərsi, habelə fleyta ifaçısı Avital Cohen tərəfindən ustad dərsi və konsert keçirilib.

Həmin gün Muzey Mərkəzində klarnet ifaçısı Szilard Benes “Portretlər” adlı konsert proqramı ilə çıxış edib. Proqramda Tahir İbişovun “Tuğbaum”, Pascal Dusapinin “If”, İvan Buffanın “Perpetum nobile” və s. əsərlər səsləndirilib.

Mayın 23-də həmçinin Beynəlxalq Muğam Mərkəzində “Elektroakustik musiqi” adlı konsert təşkil edilib. Musiqi axşamında solistlər Yulia Miqunova (violonçel), Rəna Fərhadova (piano) və Kamil Hüseynzadə (zərb alətləri) öz rəngarəng ifaları ilə dinləyicilərin könlünü oxşayıblar.

Proqramda Mara Helmut, Aleksander Xubeyev, Karlheinz Stockhausenin əsərləri səsləndirilib.

Mayın 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Cadenza” orkestrinin (bədii rəhbər Türkər Qasımzadə) konserti olacaq.

“Bakı Müasir Musiqi Günləri”nə mayın 25-də Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi ilə yekun vurulacaq.

Nurəddin