Xəbər verdiyimiz kimi, Azərbaycan Milli İncəsənət Muzeyində 29 mart-30 iyun tarixlərində “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi keçirilir. Azərbaycan Mədəniyyət Nazirliyi, Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və muzeyin birgə təşkilatçılığı ilə gerçəkləşən sərgi çərçivəsində 13-21 tarixlərində “açıq qapı günləri” olub. “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə keçirilən aksiya müddətində paytaxt sakinləri, şəhərimizin qonaqları, tələbələr və yeniyetmələrdən ibarət ümumilikdə 3 mindən çox insan sərgi ilə tanış olub.

“Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.

Sərginin kuratoru və ideya müəllifi Milli İncəsənət Muzeyinin direktoru professor Çingiz Fərzəliyev, layihənin koordinatoru Könül Rəfiyevadır.

Sərginin təşkilatçıları ziyarətçilərə Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradıblar. Sərgi yalnız Çin mədəniyyəti və incəsənətini sevənlər tərəfindən deyil, həmçinin bu ölkənin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən tamaşaçılar tərəfindən də böyük maraqla qarşılanıb.

Bundan əlavə, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən “Xəttatlıq sənəti”, “Çay incəsənəti”, “Kung fu incəsənəti” və “Kağız kəsmə sənəti” mövzularında ustad dərsləri də həyata keçirilir.