Bir ölkənin mədəniyyəti onun paytaxt və böyük şəhərləri ilə məhdudlaşmır. Mərkəzdən uzaqda, ucqarlarda da mədəni-mənəvi dəyərlər yaşadılır, inkişaf etdirilir.

Bölgələrdə yaşayıb fəaliyyət göstərən, mədəniyyətin inkişafına töhfələr verən bir çox insanın xidmətləri geniş ictimaiyyətin diqqətindən kənarda qalır. “Mədəniyyətə könül verənlər” rubrikasında ömrünü sənətə həsr edən, özünü bu sahədə tapanları oxucularımıza tanıdacağıq. Rubrikanın ilk qonağı lənkəranlı kamança ifaçısı İlqar Əliyevdir.

İlqar Təriş oğlu Əliyev 1964-cü il avqustun 13-də Lənkəran şəhərində anadan olub. İlk təhsilini şəhər 2 saylı tam orta məktəbdə alıb. Eyni zamanda C.Cabbarlı adına Musiqi məktəbini kamança sinfi üzrə bitirib. Musiqi məktəbində təhsil aldığı müddətdə xalq çalğı alətləri üzrə respublika müsabiqəsində qalib olub. 1979-cu ildə Lənkəran Musiqi Texnikumunun Xalq çalğı alətləri şöbəsini kamança ixtisası üzrə başa vurub. Daha sonra təhsilini Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) davam etdirib. Məzun olduqdan sonra Lənkəran Musiqi Texnikumunda ixtisası üzrə pedaqoji fəaliyyətə başlayıb.

İlqar Əliyev hazırda Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Sosial şöbəsində instrumental ifaçılıq və vokal sənəti fənn birləşməsinin rəhbəri kimi pedaqoji fəaliyyətini davam etdirir.

Kamançaçı bildirir ki, musiqi sənətinə yiyələnməsində atasının əməyi olub: “Tarzən olan atam uzun illər mədəniyyət sahəsində çalışıb. İşdən gələndən sonra tarda gözəl musiqilər ifa edərdi. Mən də böyük həvəslə atamı dinləyərdim. Atam ifasını bitirdikdən sonra tarı divardan asardı. Bir gün o, işdə olanda aləti götürüb pərdələrində barmaqlarımı gəzdirdim. Mizrab vuraraq səslərini tapmağa çalışdım. Atam tarla maraqlandığımı görüb dedi ki, əgər tara həvəsin varsa, səni musiqi məktəbinə aparım. Qəbul olarsan və tar üzrə təhsil alarsan. Amma mənim fikrim başqa idi. Uşaqlığımdan daima ustad kamança ifaçısı, Xalq artisti Habil Əliyevin çalğısına qulaq asırdım. Məhz Habil Əliyevin ifaları məndə kamança alətinə həvəs oyatdı. Beləliklə, bu həvəs sayəsində musiqiçi olmaq qərarına gəldim”.

Həmsöhbətim deyir ki, təhsil aldıqdan sonra müntəzəm olaraq tədbirlərdə, konsertlərdə solo ifalarla tamaşaçıların qarşısında çıxış, muğam üçlüyündə tanınmış xanəndələri müşayiət edib. Bundan başqa, televiziya verilişlərində, həmçinin Rusiyada və İranda konsert proqramları ilə çıxışları olub.

İlqar müəllim Azərbaycan Dövlət Konservatoriyasını bitirən zaman görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovla bağlı xatirələrini danışır: “Konservatoriyanı bitirəndə Xalq çalğı alətləri kafedrasının müdiri professor Süleyman Ələsgərov məni yanına çağırıb dedi ki, Dövlət İmtahan Komissiyasının sədri səni Daşkənd Konservatoriyasında işləməyə dəvət edir. Mən isə evin böyük övladı olduğum üçün, ailəmi köməksiz qoymamaqdan ötrü bu təklifdən imtina etdim. S.Ələsgərov dedi ki, getmirsənsə, qal öz konservatoriyamızda işlə. Mən yenə də Lənkərana qayıtmalı olduğumu bildirdim. Bu söhbətdən bir il sonra S.Ələsgərov işlədiyim Lənkəran Musiqi Texnikumuna gəlmişdi. Mənimlə də görüşdü. Yaradıcılığı haqqında olan kitabı mənə bağışladı. Əlbəttə ki, çox istəyərdim həmin illərə qayıdım və mənə edilən təkliflə razılaşım. Amma bu artıq mümkün deyil...”.

Həmsöhbətim kamança alətinə qəlbən bağlı olduğunu, onunla nəfəs aldığını bildirir. Deyir ki, hazırda tələbələrimə bu sənətin sirlərini böyük həvəslə öyrədirəm.

Biz də kamança ifaçısına sənət yolunda və pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

Nurəddin