Nahid Bağırov: “Məqsədimiz qonaqpərvərlik sənayesində təlim-tədrisin inkişafına nail olmaqdır”
   
   Azərbaycan Turizm Assosiasiyası (AZTA) turizm və hotelçilik sahəsində kadr məsələlərinin həllinə kömək məqsədilə 2011-ci ildə Amerika Hotel və Qonaq Evləri Assosiasiyası (AHLA) ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin əsas məqsədi qonaqpərvərlik sənayesində təlim-tədrisin inkişafına yönəlib.
   
   AZTA İdarə Heyətinin sədri Nahid Bağırovun sözlərinə görə, Amerika təşkilatının tərkibində fəaliyyət göstərən AHLEİ institutu qonaqpərvərlik sahəsində öz təlim-tədris metodikası ilə bütün dünyada tanınır: “1953-cü ildə yaradılan təhsil ocağında peşəkar təhsilə üstünlük verilir. İnstitutun devizləri də bunu göstərir: “Peşəkar təhsil vasitəsilə gələcəyini gör”, “Mən qonaqpərvərliyin gələcəyiyəm”, “Mən bu peşənin sertifikatını almış uğurlu hotel işçisi olacağam”. AZTA ilə AHLEİ-nin əməkdaşlığı qonaqpərvərlik sənayesi üçün yüksək səviyyəli, keyfiyyətli proqramlar əsasında təlim və tədrisin təşkilini nəzərdə tutur. Bu isə ölkəmizdə qonaqpərvərlik sənayesi və xidmət sahəsinin inkişafına mühüm töhfə ola bilər”.
   Həmsöhbətim bildirdi ki, ötən il bağlanmış müqavilə əsasında AZTA-da Qonaqpərvərlik üzrə Təlim Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti üç istiqamətə yönəlib: “Birincisi, təlim mərkəzi tərəfindən korporativ hotellər, fərdi yerləşdirmə yerləri peşəkar işçilərin ixtisasını artırmaq üçün zəruri dərsliklər, video, DVD ilə təmin olunur, seminarlar keçirilir, proqramlar işlənib hazırlanır. İkincisi, müstəqil təhsil almaq istəyən qonaqpərvərlik müəssisəsi əməkdaşları üçün müəyyən olunmuş kursun proqramlarına uyğun dərslik, çap materialları təqdim edilir, onlayn kurslar təşkil olunur və sonda imtahanlara nəzarət edilir. Üçüncüsü, təlimi bitirən hər bir işçiyə peşəsi üzrə sertifikat təqdim olunur. Bura qonaqpərvərlik sahəsi üzrə müxtəlif səviyyəli peşəkar və təcrübəli işçilər, o cümlədən baş menecer, menecer, supervayzer və başqaları daxildir”.
   N.Bağırov qeyd etdi ki, təlim mərkəzinin ilk addımı Azərbaycanda qonaqpərvərlik sənayesi üzrə master (aparıcı) təlimçilərin hazırlığı ilə bağlı olub: «Bu ilin aprel ayında AHLEİ-nin dəstəyi ilə ilk seminarlarımızı keçirdik. Beşgünlük seminarlar məşhur master-təlimçi Corc Ubelonqun rəhbərliyi ilə baş tutdu. 10 dinləyici qonaqpərvərlik sahəsində treninqlərin keçirilmə metodologiyasının incəliklərini öyrəndi və sertifikat almaq üçün imtahan verdilər. Fəxrlə deyə bilərik ki, MDB ölkələri arasında ilk peşəkar master-təlimçilər Azərbaycanda hazırlanıb. Bundan sonra AZTA AHLEİ-nin dəstəyi və təcrübəsinə istinad edərək, təlim və sertifikatlar üzrə «Kaskad modeli»ni təklif etdi. Bu layihənin həyata keçməsi nəticəsində peşəkar vərdişlər artır və yaxşılaşır».
   Təlim mərkəzinin fəaliyyət istiqamətlərindən biri də ali təhsil ocaqları üçün kursların təşkilidir. Həmsöhbətimiz bildirdi ki, Azərbaycan Turizm İnstitutu ilə birgə əməkdaşlıq çərçivəsində noyabr ayında ali məktəb müəllimləri üçün treninqlər təşkil ediləcək. Treninqlərə sertifikatlaşdırma qonaqpərvərliyinin idarə edilməsi proqramları üzrə dərs deyən ali məktəb müəllimləri cəlb olunacaq: «Məqsədimiz bu sahədə yüksək nəticə əldə etməkdir. Bundan əlavə, treninqlər vasitəsilə tələbələrin biliyini artırmaq üçün ən son tədris texnikalarından istifadə edilməsinə nail olmaq niyyətindəyik. Təcrübəli təlimçilər tədrislə bağlı yeni yanaşma və strategiyaları mənimsəyəcəklər ki, bu da tədris təcrübəsini həm təlimçi, həm də tələbələr üçün daha pozitiv axara yönəldəcək”.
   AZTA sədri digər layihələr barədə də məlumat verdi. Qurumun Mədəniyyət və Turizm, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirəcəyi sosial layihə noyabr-dekabr aylarında Azərbaycanın şəhər və regionlarında işsiz və aztəminatlı insanların qonaqpərvərlik sahəsi üzrə peşə bacarıqlarına yiyələnməsi ilə bağlıdır. Bir ay ərzində nəzəri təlimlər aparılacaq və tələbat olan iş yerləri müəyyənləşdiriləcək: «Orta məktəblərdə oxuyan və qonaqpərvərlik biznesinə maraq göstərən uşaqları da bu layihəyə cəlb etmək niyyətimiz var. Məqsədimiz bu uşaqları tətil müddətində qonaqpərvərlik biznesi ilə tanış etmək və onlara gələcək peşə seçimində yardımçı olmaqdır. 2013-cü ildə bu istiqamətdə reallaşdırmağı nəzərdə tutduğumuz daha bir layihə kimsəsiz uşaqlar üçün qonaqpərvərlik biznesi istiqamətində təlimlərin keçirilməsidir. Məqsəd uşaq evlərini müəyyən yaş həddindən sonra tərk edən yeniyetmələrin işlə təmin olunmasıdır. Bu təlimlər pilot layihə kimi Beynəlxalq Qadınlar Şurasının dəstəyi ilə Maştağada yerləşən uşaq evindən başlayacaq”. 

  Fəxriyyə Abdullayeva