Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının dəstəyi ilə Atatürk Mərkəzində kitabxananın fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının yaradıcılıq gecəsi keçirilib.
Atatürk Mərkəzinin baş redaktoru Dəyanət Osmanlı tədbiri açaraq yazıçının yeni əsəri – “Sevgi yelkəni” romanı haqqında məlumat verib.
Sevinc Ağa Xəlilqızı iştirakçıları salamlayaraq “Anamın gülüstanı”, “Qarabağ əfsanələri”, “Məryəm”, “Cinayətin izi ilə”, “Əlvida söyləmədən”, “Könül səhifəm”, həmçinin Yasamal rayon MKS-nin layihəsi əsasında yazdığı “Bu dünyanın fidanları” və digər kitabları, yeni işıq üzü görən romanı haqqında söz açıb. O, bir sıra kitablarının ərsəyə gəlməsində böyük əməyi olan Yasamal rayon MKS-nin kollektivinə təşəkkürünü bildirib.
MKS-nin direktoru tarix üzrə fəlsəfə doktoru Lətifə Məmmədova qeyd edib ki, Sevinc Ağa Xəlilqızının yazdığı səkkiz kitabdan altısını və “Uşaqlar Tanrının səltənətidir” adlı elektron antologiyanı M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın layihələri əsasında ərsəyə gətirib. Kitabxanada həyata keçirilən layihələrdə Sevinc Ağa Xəlilqızının ən fəal yazıçılardan biri olduğunu deyən Lətifə Məmmədova ona fəxri fərman təqdim edib.
Vətən müharibəsi şəhidi polkovnik-leytenant Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova müəllifin oğluna həsr etdiyi “Şəhid anası” şeirindən necə təsirləndiyini söyləyib.
Yazıçı Lətafət Ağayeva, şair, nasir Ramiz Oğuz Həsənov, MKS-nin 3 nömrəli kitabxana filialının müdiri Arzu Xudayarova, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi İctimai-Siyasi Sənədlər Arxivinin şöbə müdiri Lalə Hacıyeva, Azərbaycan Milli Aerokosmik Agentliyinin T.İsmayılov adına Təbii Ehtiyatların Kosmik Tədqiqi İnstitutunun muzeyinin direktoru Səbinə İsmayılova və digər çıxış edənlər Sevinc Ağa Xəlilqızının əsərləri haqqında fikirlərini bölüşüb, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
Tədbirdə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti Günay Məmmədova “Şükriyyə”, “Sənə də qalmaz” mahnılarını oxuyub.