Olaylar, faktlar (27–31 may)

 

570 il əvvəl...

 

29 may 1453-cü ildə Sultan Mehmetin (Fateh) başçılıq etdiyi Osmanlı ordusu Bizans (Şərqi Roma) imperiyasının paytaxtı Konstantinopolu fəth edib. 330-cu ildə Bizans imperatoru Konstantin tərəfindən əsası qoyulan şəhər strateji əhəmiyyətinə görə daima böyük dövlətlərin mübarizə obyekti olmuşdu. Şəhərin türklər tərəfindən fəthi onun əldən-ələ keçməsinə son qoydu. İstanbul adlandırılan şəhər Osmanlı dövlətinin paytaxtı elan edildi.

 

468 il əvvəl...

 

29 may 1555-ci ildə Səfəvi dövləti ilə Osmanlı imperatorluğu arasında Amasya sülh müqaviləsi imzalanıb. Səfəvi-Osmanlı müharibəsinin (1514-1555) birinci mərhələsi başa çatıb. Qərbi Gürcüstan (İmeretiya, Meqreliya, Quriya) Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu bütün Azərbaycan torpaqları Səfəvi dövlətinin tərkibinə keçib.

 

150 il əvvəl...

 

29 may 1873-cü ildə çar Rusiyası Xivə xanlığını özünə birləşdirib. Bir qədər əvvəl Buxaranın işğalı hərbi toqquşmalarla müşayiət olunsa da, Xivənin ələ keçirilməsinə yerli əhali faktiki müqavimət göstərmədi.

 

110 il əvvəl...

 

30 may 1913-cü ildə Balkan müharibəsinin (1912-1913) yekunları ilə bağlı Londonda müqavilə bağlanıb. Osmanlı imperiyası Krit adası istisna olmaqla, Balkanlardakı bütün ərazilərindən əl çəkib.

 

105 il əvvəl...

 

27 may 1918-ci ildə Zaqafqaziya Seyminin süqutundan (26 may) sonra qurumun azərbaycanlı deputatları Tiflisdə fövqəladə iclas keçirərək Azərbaycanın müvəqqəti Milli Şurasını yaradıblar. Azərbaycanın ilk parlamenti kimi fəaliyyətə başlayan 44 nəfərlik Milli Şuranın sədri Məhəmməd Əmin Rəsulzadə, müavini Əhməd bəy Ağayev seçilib.

28 may 1918-ci ildə Tiflisdə Azərbaycan Milli Şurasının iclasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olunub. İclasda “İstiqlal Bəyannaməsi” qəbul edilib. Fətəli xan Xoyskinin başçılığı ilə ilk hökumət təsdiqlənib. Milli hökumət iyunun 16-dək Tiflisdə fəaliyyət göstərdi, sonra Gəncəyə köçdü.

 

63 il əvvəl...

 

27 may 1960-cı ildə Türkiyədə hərbi çevriliş baş verib. Ordu generalı Camal Gurselin başçılığı ilə Milli Birlik Komitəsi ölkədə tam hakimiyyəti ələ alıb. Türkiyə Böyük Millət Məclisi və hökumətin fəaliyyəti dayandırılıb. Baş nazir Adnan Menderes, prezident Cəlal Bayar başda olmaqla bütün hökumət üzvləri və siyasi rəhbərlik həbs olunub. 1961-ci ildə hərbi tribunalın qərarı ilə baş nazir Menderes və daha iki nazir korrupsiya ittihamı ilə edam edildi.

 

32 il əvvəl...

 

30 may 1991-ci ildə erməni təxribatçılarının Azərbaycana qarşı növbəti terror aktı baş verib. Dağıstanın Xasavyurt stansiyası yaxınlığında Moskva-Bakı sərnişin qatarında törədilən partlayış nəticəsində 11 nəfər həlak olub, 22 nəfər yaralanıb.

 

31 il əvvəl...

 

27 may 1992-ci ildə Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun qəbul edib. 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəylinin şair Əhməd Cavadın sözlərinə yazdığı “Azərbaycan marşı” Dövlət himni kimi təsdiq edilib.

Hazırladı: V.Orxan