A.S.Puşkin adına Nijni Novqorod Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə silsilə konsert-tamaşa layihələri təqdim olunub. Əsas əlamətdar hadisələrdən biri də dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə” baletinin nümayişi olub.
Yerli tamaşaçılar tərəfindən böyük maraqla qarşılanan səhnə əsərlərində Nijni Novqorod Dövlət Opera və Balet Teatrının balet heyəti ilə bərabər, teatrın simfonik orkestri və xoru da yer alıb.
Silsilə nümayişlər “Viva opera” konserti ilə başa çatıb. Teatrın 12 solistinin iştirakı ilə keçən konsert rus bəstəkarları P.Çaykovski, M.Musorqski, S.Raxmaninov, A.Arenski və N.Rimski-Korsakov, eləcə də Avropa bəstəkarları C.Verdi, C.Puççini, J.Bize, J.Massnenin yaradıcılığına həsr olunub. Proqramın açılışında səslənən Fikrət Əmirovun simfonik süitası isə gecəyə xüsusi rəng qatıb.
Konsertdən sonra teatrın direktoru Tatyana Mavrina və bədii rəhbər Aleksey Trifonov azərbaycanlı dirijora təşəkkürlərini bildirərək, əməkdaşlıq üçün onu yenidən Nijni Novqoroda dəvət ediblər.