Oktyabrın 19-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Avstriya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə iki ölkənin turizm imkanlarına həsr olunmuş “Dostluq konfransı” keçirilib.
   
   Tədbirdə hər iki ölkədən turizm, logistika, tikinti və memarlıq sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edib. Konfransın keçirilməsində məqsəd Azərbaycan və Avstriyanın turizm imkanlarının təqdim olunması, bu sahədə perspektiv layihələrin və işgüzar əlaqələrin müzakirəsi idi.
   Avstriyanın Bakıdakı səfiri xanım Silviya Meyer-Kaybiç ikitərəfli əlaqələrdən bəhs edərək ölkəsinin turizm sahəsində təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu deyib. Qeyd olunub ki, Avstriya dünyanın ən cəlbedici ölkələri sırasında 12-ci yerdədir, ötən il bu ölkəyə 34 milyondan artıq turist səfər edib: “Avstriya və Azərbaycan uzun müddətdir ki, iqtisadi sahədə əməkdaşlıq edir. Hesab edirik ki, turizm də əməkdaşlığın inkişafı üçün perspektivli sahədir. Biz Azərbaycanla turizmin müxtəlif sahələrində, eləcə də turizm təhsili sahəsində, müxtəlif treninqlərin keçirilməsində əməkdaşlıq etməyə hazırıq”.
   Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov bildirib ki, son illər Azərbaycana səfər edən turistlərin sayında nəzərə çarpan artım bu sahədə inkişafın göstəricisidir. Nazir müavini bu sahədə statistik göstəriciləri də diqqətə çatdırıb: “2001-ci ildə Azərbaycanda 69 mehmanxana fəaliyyət göstərirdisə, 2006-cı ildə bu rəqəm 288-ə, 2012-ci ilin birinci yarısında isə 506-ya çatıb. Bu gün ölkə ərazisində 50-yə yaxın mehmanxana inşa edilir”.
   Nazir müavini qeyd edib ki, son iki ildə paytaxtımızda «Hilton Bakı», «Abşeron Marriott», «Four Seasons», «Kempinski Hotel Badamdar» kimi dünya brendlərinə aid beşulduzlu hotellər tikilib. Tezliklə «Rixos», «Fairmont» və «Sheraton» kimi brend hotellər fəaliyyətə başlayacaq. N.Səmədovun sözlərinə görə, Azərbaycanda hotellərin ulduzlarının sayının müəyyən edilməsində Avropa ölkələrində və ABŞ-da istifadə olunan standartlar sistemi tətbiq edilir.
   Avstriya-Azərbaycan Ticarət Palatasının Fəxri Şurasının sədri Peter Şieder hər iki ölkənin geniş turizm imkanlarına malik olduğunu və bu potensialdan səmərəli istifadənin iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib: «Ölkədə doqquz iqlim qurşağının olması, memarlıq irsi, eləcə də əhalinin qonaqpərvərliyi Azərbaycanda turizmin inkişafı üçün imkanlar yaradır».
   Konfransda iki ölkənin turizm imkanları, bu sahədə həyata keçirilən layihələr, Avstriyanın turizm sahəsində təcrübəsi, idman və mədəniyyət tədbirlərinin turizmin təbliğindəki rolu, kadrların hazırlanması və s. barədə müzakirələr aparılıb.

   Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar