Zaqatala şəhərinin “Dədə-Qorqud” meydanında rayon MKS-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş XII Kitab festivalı keçirilib.

Tədbirdə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki RMİ-nin rəisi Aqaəli Cəlilov, təhsil, səhiyyə, mədəniyyət işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Festivalda “Heydər Əliyev dünya tarixində nadir dövlət xadimlərindən biridir”, “Heydər Əliyevin uzaqgörən dövlətçilik idealları”, “Heydər Əliyev və çağdaş Azərbaycan dövlətçiliyi”, “Heydər Əliyev və milli dövlətçilik təfəkkürü”, “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Azərbaycanın Ordu quruculuğunda İlham Əliyev mərhələsi”, “Zərifə Əliyeva-100”, “Zaqatala şəhidləri” və s. başlıqlı stendlər, banerlər hazırlanıb.

Bundan başqa tədbirdə əl işlərindən ibarət sərgilər də nümayiş olunub. Oxucuların Səməd Vurğunun “Vaqif” , Hüseyn Cavidin “İblis”, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesləri və milli mesenat Hacı Zeynalabdin Tağıyevlə həyat yoldaşı Sona xanımın dialoqu üzrə hazırladıqları səhnəcik tamaşaçıların xüsusi marağına səbəb olub.

Festival çərçivəsində həmçinin “Heydər Əliyev İli” ilə əlaqədar Zaqatala rayon MKS-nin təşkil etdiyi şeir qiraəti, rəsm və inşa müsabiqələrinin qalibləri fəxri fərmanla təltif edilib. Təqdim olunan konsert proqramı alqışlarla qarşılanıb.

N.Məmmədli