Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 14 780 vahid nömrəsi (otağı), 31850 çarpayı-yer birdəfəlik tutumu olan 506 mehmanxana fəaliyyət göstərib.
   
   Dövlət Statistika Komitəsindən verilən məlumata görə, Bakı şəhərindəki mehmanxanalarda 9790 yer, ölkənin digər rayon və şəhərlərindəki mehmanxanalarda isə 22060 yer mövcuddur.
   Məlumatda bildirilir ki, bu dövrdə mehmanxanalarda yerləşdirilmiş şəxslərin sayı 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 48,2% artaraq 296,4 min nəfər olub ki, onların da 60,9%-i xarici ölkə vətəndaşları olub. Ölkədə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi və turizm infrastrukturunun sürətli inkişafı nəticəsində mehmanxanaların xidmətlərindən istifadə edən xarici ölkə vətəndaşlarının sayında daha çox artım müşahidə olunub. Belə ki, mehmanxanalarda gecələyən əcnəbilərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 70,7% və ya 74,7 min nəfər artaraq 180,5 min nəfər olub. Yerləşdirilmiş Azərbaycan vətəndaşlarının sayı 23% artaraq 115,9 min nəfər təşkil edib. Mehmanxanalarda qalan qonaqların 27,6 min nəfəri (9,3%-i) turizm yollayışları ilə gələn turistlər olub.
   Hesabat dövründə mehmanxanalarda keçirilən gecələmələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,5% artaraq 612,3 min adam-gecə təşkil edib. Gecələmələrin 51,2%-i xarici ölkə vətəndaşlarının payına düşüb. Ümumi gecələmələrin 60,4%-i Bakı şəhərində, qalan hissəsi isə ölkənin digər rayonlarda (şəhərlərdə) qeydə alınıb.
   Mehmanxana və mehmanxana tipli müəssisələrdə müvəqqəti yerləşmə üzrə xidmət göstərilən şəxslərin əsas hissəsi (84,6%-i) turizm məqsədilə səfər edənlər olub. Turistlərin 40,2%-i istirahət və əyləncə, 50,3%-i işgüzar və qalanları digər turizm məqsədilə səfər edib. Bakı, Naxçıvan MR, Quba, Şəki, Xaçmaz, Şamaxı, Masallı, Qəbələ, İsmayıllı, Abşeron, Sumqayıt şəhəri və Lənkəran rayonlarına istirahət etmək məqsədilə səfər edən turistlərin sayı digər rayon və şəhərlərlə müqayisədə daha çox olub. Turizm məqsədilə səfər edən ölkə vətəndaşlarının 57,3%-ni Bakı şəhərinin sakinləri təşkil edib.
   Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il mehmanxana və mehmanxana tipli müəssisələrin əldə etdikləri gəlir 36,9% artaraq 68,8 milyon manat olub. Gəlirlərin 75,2%-i nömrələrin satışından, 15,4%-i içki və qida məhsullarının satışından, qalanı isə digər xidmətlərin göstərilməsindən əldə edilib. Mehmanxanalarda çalışan işçilərin orta siyahı sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 697 nəfər artaraq 6013 nəfərə çatıb. Bir işçiyə düşən orta aylıq əməkhaqqının məbləği 317 manat təşkil edib.
   
    Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar