Olaylar, faktlar (1–4 iyun)

 

1 iyun Beynəlxalq Uşaqları Müdafiə Günüdür. 1949-cu ildə Beynəlxalq Demokratik Qadınlar Federasiyasının Parisdə keçirilən konqresində təsis olunub. 1956-cı ildən uşaqlarla bağlı daha bir gün, BMT tərəfindən təsis olunan 20 noyabr – Dünya Uşaq Günü də qeyd olunur.

 

145 il əvvəl...

 

4 iyun 1878-ci ildə Britaniya və Osmanlı imperiyası arasında Kipr konvensiyası imzalanıb. Sazişə əsasən, Osmanlı Kipr adasını Britaniyanın idarəçiliyinə verərək əvəzində Rusiya ilə Balkan müharibəsində (1877-1878) ondan yardım almalı idi. Lakin Osmanlı müharibədə məğlub oldu və Balkanların böyük hissəsinə də, Kiprə də nəzarəti itirdi.

 

105 il əvvəl...

 

4 iyun 1918-ci ildə Batumda Azərbaycan Xalq Cümhuriyyəti ilə Osmanlı arasında “Sülh və dostluq haqqında” müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfdən Milli Şuranın sədri M.Ə.Rəsulzadə və xarici işlər naziri M.Hacınski, Osmanlı tərəfdən ədliyyə naziri Xəlil bəy və Qafqaz cəbhəsinin komandanı Vahib paşa imzalamışdı. Bu müqavilə ilə Xalq Cümhuriyyəti birinci olaraq Osmanlı tərəfindən tanındı.

 

103 il əvvəl...

 

3 iyun 1920-ci ildə bolşevik işğalına müqavimət göstərən Nuru paşanın başçılığı altında Xalq Cümhuriyyətinin ordu hissələri Şuşa şəhərini ələ keçiriblər. Onların üzərinə XI rus ordusunun əlavə birləşmələri göndərilib. Sayca qat-qat çox olan rus qoşunları Levandovskinin komandanlığı altında iyunun 15-də Şuşanı yenidən işğal ediblər. Milli ordunun azsaylı hissələri Cəbrayıl qəzasına geri çəkiliblər. İyunun sonunda bu bölgə bolşeviklərin nəzarətinə keçdi.

 

85 il əvvəl...

 

2 iyun 1938-ci ildə Azərbaycanda ilk mülki aviasiya dəstəsi təşkil olunub. Bakıda ilk aviasiya məktəbi 1915-ci ildə yaradılmış, 1923-cü ildə Bakı-Tbilisi marşrutu ilə ilk mülki aviasiya xətti açılmış, 1933-cü ildə Binədə ilk hava limanı istifadəyə verilmişdi. 1938-ci ildə ilk mülki aviasiya dəstəsi uçuşlara başladı. Prezident İlham Əliyevin 2006-cı il 18 may tarixli sərəncamı ilə 2 iyun Azərbaycanda mülki aviasiya işçilərinin peşə bayramı günü elan olunub.

 

34 il əvvəl...

 

3 iyun 1989-cu ildə Çinin paytaxtı Pekindəki Tyananmen meydanında aprel ayından davam edən fasiləsiz tələbə mitinqləri hərbi güclə yatırdılıb. Milyona yaxın tələbinin etiraz aksiyasını dağıtmaq üçün meydana tanklar yeridilib. Qeyri-rəsmi məlumatlara görə, meydanda mindən çox adam həlak olmuşdu.

 

31 il əvvəl...

 

3 iyun 1992-ci ildə Azərbaycan Respublikası BMT-nin təhsil, elm, mədəniyyət təşkilatı olan UNESCO-ya üzv qəbul edilib. 1996-cı ildə UNESCO və Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

30 il əvvəl...

 

4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələr qiyam qaldırıb. Qiyamçılarla hökumət qüvvələri arasında silahlı toqquşmada hər iki tərəfdən 30-dan çox insan həlak olub. Bu hadisə Azərbaycanda hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib.

Hazırladı: V.Orxan