Rəssam və qalereyaçı Eldəniz Babayevin sərgisi

 

İstedadlı rəssam, “Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105, Türkiyə Cümhuriyyətinin 100 və Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Zəfər müjdəsi” adlı fərdi sərgisini təqdim edib.

26-28 may tarixlərində Muzey Mərkəzində keçirilən sərginin açılışında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı iki ölkənin tarixi qardaşlıq münasibətlərinin, eləcə də Qarabağ Zəfərinin tərənnümü olan sərgi münasibətilə müəllifi təbrik edib. O, belə bir sərginin Türkiyədə də keçirilməsini tövsiyə edib.

“Yeni Gallery” Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli sərginin rəssamın yaradıcılığının müxtəlif dövrlərini əks etdiyini bildirib. Qeyd edib ki, ekspozisiyada Eldəniz Babayevin əsasən portret, natürmort, məişət və tarixi janrlarda yetmişə qədər boyakarlıq və qrafika əsəri nümayiş olunur. Burada Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbə, Heydər Əliyevin “Bir millət, iki dövlət” tarixi kəlamı, Azərbaycan-Türkiyə dostluğu, həmçinin xalqımızın məişəti, adət-ənənələri, mədəniyyəti təqdim olunan əsərlərin mövzusudur.

Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağaəli İbrahimov, Xalq rəssamı Fuad Salayev də sərgi haqqında fikirlərini bölüşüblər.

Tədbirdə sərgidə rəssamın həyat və yaradıcılığını, ictimai və maarifçilik fəaliyyətini əks etdirən “Eldəniz Babayev. Zəfər müjdəsi” (müəllif Mirzə Talıbov) adlı kitab-kataloqu (Azərbaycan, türk, ingilis dillərində) da təqdim olunub. Kitabdakı mətnlərin ingilis dilinə tərcüməçisi, tanınmış jurnalist İen Piert nəşr haqqında danışıb, sərginin əhəmiyyətindən söz açıb.

Eldəniz Babayev sərgidə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Sonda bədii hissə təqdim olunub və sərgiyə baxış keçirilib.

Qeyd edək ki, sərgi Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Azərbaycanda Atatürk Mərkəzi, Muzey Mərkəzi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Rəssamlar İttifaqı, “Bakı” Rəsm Qalereyası, “Yeni Gallery” Bakı İncəsənət Mərkəzi və Xətai Sənət Mərkəzinin dəstəyi ilə təşkil olunub.