Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) ölkəmizdə “İnsan hüquqları aylığı”nın elan olunması ilə bağlı müraciət yayıb.

Bu barədə Ombudsman Aparatından məlumat verilib. Bildirilib ki, Azərbaycan ombudsmanı tərəfindən ənənəvi olaraq hər il mayın 18-dən iyunun 18-dək ölkədə “İnsan hüquqları aylığı” elan edilir. Bu isə sosial-hüquqi statusundan asılı olmayaraq, hər kəsin – şəhid ailələrinin, müharibə iştirakçılarının, əlilliyi olan şəxslərin, uşaqların, ahılların, qaçqınların, keçmiş məcburi köçkünlərin, miqrantların və əhalinin digər həssas qruplarının hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətdə hüquq düşüncəsini və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa, zərərli vərdişlərə qarşı mübarizənin zəruriliyini diqqətə çatdırmaq məqsədinə xidmət edir.

“Ombudsman olaraq qarşıdan gələn həmin əlamətdar günlə əlaqədar 18 may – 18 iyun tarixlərini ölkədə “İnsan hüquqları aylığı” elan etməklə dövlət və yerli özünüidarə orqanlarını, elm, təhsil, tibb və mədəniyyət müəssisələrini, vətəndaş cəmiyyəti institutlarını, o cümlədən həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatları, medianı təşəbbüsümüzə fəal şəkildə qoşularaq insan hüquqlarına və Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş müxtəlif aktual mövzular üzrə silsilə maarifləndirmə tədbirləri təşkil etməyə çağırıram.

Eyni zamanda hər kəsi Ombudsman Aparatı tərəfindən BMT-nin Azərbaycandakı nümayəndəliyi və Vəkillər Kollegiyası ilə birlikdə sosial cəhətdən həssas əhali qrupları üçün bu gündən etibarən elan olunan ödənişsiz hüquqi yardım kampaniyasında fəal iştirak etməyə dəvət edirəm.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə, Dünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə və “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsinin 25 illiyinə təsadüf edən bu Aylıq çərçivəsində aidiyyəti qurumlar tərəfindən insan hüquqlarına dair müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi, çap vəsaitlərinin, sosial çarxların hazırlanması, mediada və sosial şəbəkələrdə bu mövzunun təbliğ, müraciətlərə operativ şəkildə baxılmaqla pozulmuş hüquqların bərpası məsələlərinə diqqətin daha da artırılması işində fəallıq nümayiş etdiriləcəyinə inanır, veriləcək töhfələrə görə əvvəlcədən təşəkkürümü bildirirəm”, – deyə müraciətdə qeyd olunur.