Layihə çərçivəsində solo konsertlər başlayıb...

 

Mədəniyyət Nazirliyinin “Yeni adlar” layihəsi müasir Azərbaycan ifaçılıq sənətinin inkişafı, bu sahədə yeni istedadlı nəslin yetişməsi və tanınması məqsədi daşıyır. 2022-ci ilin mart ayından həyata keçirilən layihə maraqlı konsert proqramları ilə davam edir. Bu il layihə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Mayın 31-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında “Yeni adlar”ın  növbəti konserti keçirildi.

Pianoçu, respublika və beynəlxalq müsabiqələr laureatı Nərgiz Kəngərli (Nəcəfova) solo konsert proqramı ilə çıxış etdi.

Konsertdən əvvəl BMA-nın beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Xalq artisti Yeganə Axundova diqqətə çatdırdı ki, “Yeni adlar” layihəsi çərçivəsində bu günədək 20-dən artıq gənc musiqiçi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində orkestr müşayiəti ilə çıxış edib. Layihə çərçivəsində artıq solo konsertlər başlayır. Bu konsertlərin ilki pianoçu Nərgiz Kəngərli tərəfindən təqdim olunacaq.

Sonra musiqiçi səhnəyə dəvət edildi. Proqramda R.Şumanın “Simfonik etüdlər” (op.13), P.Çaykovskinin “Dumka” (op.59) və S.Prokofyevin “4 nömrəli sonata” (op.29) əsərləri səsləndirildi və tamaşaçıların alqışları ilə qarşılandı.

***

Nərgiz Kəngərli 1991-ci ildə Bakıda anadan olub. 2008-ci ildə BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasını, 2012-ci ildə BMA-nı bakalavr, 2004-cü ildə isə magistr səviyyəsi üzrə fərqlənmə diplomu ilə başa vurub.

Gənc yaşlarından başlayaraq ölkəmizdə və xaricdə konsertlərdə, festival və müsabiqələrdə çıxış edib. 2004-cü ildə pianoçuların Q.Qarayev adına II Beynəlxalq müsabiqəsinin laureatı olub. 2007-ci ildə Kövkəb Səfərəliyevanın 100 illiyinə həsr olunmuş gənc pianoçuların I Respublika müsabiqəsində III yerə layiq görülüb. 2012-ci ildə Litvada keçirilən “Hüdudsuz musiqi” (“Music Without Limits”) XII Beynəlxalq festival-müsabiqəsində, 2015-ci ildə VII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil olunan pianoçuların müsabiqəsində laureat adını qazanıb. 2021-ci ildə Gürcüstanda “Dünya harmoniyası” (“World Harmony”) IV Beynəlxalq müsabiqəsində üç fəxri diploma layiq görülüb. Pianoçu 2013-cü ildən BMA-da pedaqoji fəaliyyətlə də məşğuldur.

Nurəddin