İyunun 1-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəşr etdiyi biblioqrafik göstəricilərin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, zəngin irsə malik olan Azərbaycan Milli Kitabxanası bu gün ölkəmizin aparıcı kitabxanalarından biridir və müasir, daim təkmilləşdirilən elektron kataloqu ilə oxucularına mükəmməl xidmət göstərir. Azərbaycan Milli Kitabxanasının alimlərimizin, ziyalıların bu gün ən çox müraciət etdiyi başlıca kitabxanalardandır. Milli Kitabxana Ulu Öndər Heydər Əliyevin sayəsində milli statusunu qoruyub və bu gün ölkəmizdə kitabxana işinin təşkilində nümunə olacaq səviyyədədir.
Azərbaycan Milli Kitabxanasının Ədəbiyyat İnstitutuna 104 adda 479 kitab təqdim etdiyini diqqətə çatdıran AMEA rəhbəri təqdim olunan kitabların alimlərimizin gələcək tədqiqatları üçün dəyərli mənbə rolunu oynayacağını, Azərbaycan elminin inkişafına xidmət edəcəyini deyib.
Sonra professorlar Qəzənfər Paşayev, İmamverdi Həmidov, filologiya elmləri doktoru Abid Tahirli və filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı çıxış edərək Azərbaycan Milli Kitabxanasının ölkəmizdə ədəbiyyat elminin inkişafına verdiyi töhfələrdən danışıblar.
Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov bu gün kitabxananın başlıca məqsədinin Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların dünya miqyasında təbliğ edilməsi olduğunu deyib. Qeyd edib ki, bu gün rəhbərlik etdiyi kitabxana alimlərimizə, ziyalılarımıza, tələbələrə, bir sözlə, bütün oxuculara ləyaqətlə və məsuliyyətlə xidmət edir.
Təqdim edilən kitabların Azərbaycan elminin inkişafına xidmət edəcəyini deyən Kərim Tahirov özünün və Azərbaycan Milli Kitabxanasının fəaliyyətinə verilən yüksək dəyərə görə AMEA rəhbərliyinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib, qurumlar arasında əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini söyləyib.