İsrail hökuməti turizm sahəsinə azərbaycanlı investorları cəlb etməkdə və Azərbaycandan ölkəyə turist axınını gücləndirməkdə maraqlıdır. 
   Bu barədə jurnalistlərə açıqlamasında İsrailin turizm naziri Stas Misejnikov bildirib. Onun sözlərinə görə, İsrail hökuməti Ölü dənizdə turizmin inkişafı proqramı üzərində işləyir. Bu proqram çərçivəsində yeni mehmanxanaların tikintisi, infrastrukturun qurulması planlaşdırılır. Bu isə Azərbaycan biznesmenləri üçün yaxşı imkan ola bilər.
   Nazir bildirib ki, İsrail hökuməti sabit biznes iqliminə zəmanət verir və bu səbəbdən də xarici sərmayədarlar burada rahat işləyə bilərlər. Yaxın illərdə İsrail qarşılıqlı turizm mübadiləsi etdiyi ölkələrin coğrafiyasını genişləndirməyi planlaşdırır. Azərbaycan da bu siyahıya daxildir.
   Onun sözlərinə görə, bu il Azərbaycandan İsrailə 2 min turist gedib. Amma İsrailin Turizm Nazirliyi bu rəqəmin dəfələrlə yüksəlməsində maraqlıdır: «Nazirliyimiz hökumətə turizm xidməti qiymətlərinin aşağı salınması barədə proqram təqdim edib. Turizm İsrail iqtisadiyyatının prioritet sahələrindən biridir. Yayda adətən turistlər bizim ölkədə çimərlik istirahətinə üstünlük verir, payız-qış mövsümündə isə müalicə üçün gəlirlər. Bundan əlavə, turistlər üçün Qırmızı və Ölü dənizlərə, Təl-Əvivə, Eylata və Netaniiyə ekskursiya proqramları təklif olunur. Həmçinin zəvvar turlarına tələbat var”.
   İki ölkənin bir çox sahələrdə fəal əməkdaşlıq etdiyini deyən nazirin sözlərinə görə, gələcəkdə Azərbaycandan olan turistlər üçün viza rejimini ləğv etməyi planlaşdırırlar: «Artıq Rusiya və Ukraynadan turistlər İsrailə vizasız gəlib-gedirlər. Baxmayaraq ki, Azərbaycandan olan turistlərin fəallığı bir qədər zəifdir, ümid edirəm ki, gələcəkdə bu sahədə qarşılıqlı əlaqələrimiz genişlənəcək».

   Fəxriyyə