Beynəlxalq Uşaqların Müdafiəsi Günü bölgələrdə də rəngarəng tədbirlərlə qeyd olunub

 

1 iyun tarixi 70 ildir ölkələrin təqvimlərində əlamətdar günlərdəndir. Bu tarix dünyamıza sevinc bəxş edən uşaqların bayramı – Beynəlxalq Uşaqların Müdafiəsi Günüdür. Ölkəmizdə də hər ilin bu günündə tədbirlər, əyləncəli aksiyalar təşkil olunur. Uşaqların bayramı ilə bağlı bölgələrdə də tədbirlər keçirilib.

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Masallı Dövlət Rəsm Qalereyasının əməkdaşları Masallı şəhər 1 saylı körpələr evi-uşaq bağçasını ziyarət ediblər. Mədəniyyət işçiləri fidanlara hədiyyələr verib, onlarla əyləncəli oyunlar oynayıb, rəqs ediblər.

Masallı rayon MKS-nin Qəzvinoba kənd kitabxana filialının təşkilatçılığı ilə orta məktəbdə “Uşaqlar bizim işıqlı sabahımızdır!” adlı tədbir keçirilib. Çıxışlarda dövlətimizin uşaq siyasəti ilə bağlı strategiyasının icrası istiqamətində görülən işlərdən bəhs olunub. Sonra uşaqların ifasında şeirlər səsləndirilib.

Oğuz rayon MKS-nin Sincan kənd kitabxanası tərəfindən “Uşaqlar bizim gələcəyimizdir!” adlı səhnəcik təşkil edilib.

Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq incəsənət məktəbi tərəfindən keçirilən tədbirdə fortepiano şöbəsinin şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.

Əlamətdar gün münasibətilə Ağdam rayon Heydər Əliyev Mərkəzində Rzalar kənd tam orta məktəbinin şagirdləri ilə birgə tədbir keçirilib.

Şirvan-Salyan Regional Təhsil İdarəsi və Biləsuvar RMİ-nin təşkilatçılığı ilə Biləsuvar rayon Gənclər parkında “Uşaqlar dünyanın sevincidir” adlı tədbir keçirilib. Tədbirdə rəsm sərgisi nümayiş etdirilib, mahnılar və rəqslər təqdim olunub.

Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə əlamətdar günlə bağlı konsert keçirilib.

Şirvan şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Şirvan Folklor evində “Kiçik rəssamlar” adlı qrup sərgisi keçirilib. Sərgidə həvəskar uşaqların 30-dan çox rəsmi nümayiş olunub.

Yevlax rayon Aşağı Qarxun kənd Uşaq musiqi məktəbi “Gələcəyin ümidləri” adlı bayram tədbiri keçirib. Uşaqlar rəngarəng rəqslər, maraqlı səhnəciklər nümayiş etdirib, şeirlər səsləndiriblər. Tədris ili ərzində fərqlənmiş, müsabiqələrdə iştirak etmiş şagirdlər tərifnamə ilə təltif olunublar.

Qazax rayon Heydər Əliyev Mərkəzində Qazax şəhər 5 saylı körpələr evi-uşaq bağçasının balaca fidanlarının iştirakı ilə “Heydər babanın nəvələriyik” adlı tədbir təşkil edilib. Uşaqlar şeirlər söyləyib, mahnılar oxuyublar. Sonda cizgi filmləri nümayiş etdirilib.

Tovuz rayon Aşıq Ə.Rzayev adına Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə rayon Abulbəyli kənd 2 saylı körpələr evi-uşaq bağçasında “Uşaqlar gələcəyə bir körpüdür” adlı konsert proqramı təqdim olunub.

Gəncə şəhər MKS-nin 1 saylı kitabxana filialı C.Cabbarlı adına 6 saylı məktəblə birlikdə “Uşaqlara sülh, çiçəklərə günəş” başlığı altında səhnəcik təşkil ediblər.

Gəncə şəhər 4 nömrəli Uşaq musiqi məktəbində keçirilən konsertdə fortepiano, skripka və xalq çalğı alətləri şöbəsi şagirdlərinin ifasında rəngarəng mahnılar alqışlarla qarşılanıb.

N.Məmmədli