Azərbaycan

 

6 iyun 1917 – Teatr xadimi, rejissor, pedaqoq, Əməkdar incəsənət xadimi Zəfər Əlipaşa oğlu Nemətov (1917 – 19.11.1971) anadan olub. Yaradıcılığının əsas dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlıdır, 1942-1969-cu illərdə bu teatrda quruluşçu rejissor və baş rejissor işləyib.

6 iyun 1929 – Əməkdar rəssam, heykəltaraş Münəvvər Məcid qızı Rzayeva (1929-2004) Bakıda anadan olub. Mikayıl Müşfiq (Bakı və Xızı), Ayna Sultanova, Məhsəti Gəncəvi (Gəncə) və digər tanınmış şəxsiyyətlərin heykəllərinin müəllifidir.

6 iyun 1929 – Akademik, fizika-riyaziyyat elmləri doktoru Çingiz Oveys oğlu Qacar (1929 – 12.6.2021) Bakıda doğulub. İxtisas sahəsi ilə yanaşı, “Qədim və orta əsrlər Azərbaycanın görkəmli şəxsiyyətləri”, “Köhnə Bakı”, “Köhnə Şuşa” və s. kitabların müəllifidir.

6 iyun 1972 – Bakıda Nəriman Nərimanovun heykəlinin (heykəltaraş – Xalq rəssamı Cəlal Qaryağdı) açılışı keçirilib. Respublikanın rəhbəri – Azərbaycan KP MK-nın Birinci katibi Heydər Əliyev mərasimdə çıxış edib.

 

7 iyun 1905 – Azərbaycanın mətbuat və ictimai fikir tarixində mühüm rol oynamış “Həyat” qəzeti nəşrə başlayıb. Qəzetin naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əhməd bəy Ağaoğlu (Ağayev) və Əli bəy Hüseynzadə idi. 1906-cı il 3 sentyabrınadək Bakıda nəşr edilib.

7 iyun 1893 – Peşəkar təhsil almış ilk azərbaycanlı qadın rəssamlardan Qeysər Seyfulla qızı Kaşıyeva (1893 – 17.4.1972) Tiflisdə doğulub. Qafqaz İncəsənəti Təşviq Cəmiyyətinin rəssamlıq sinfində oxuyub. Portret və peyzajların (“Azərbaycan ziyalısı”, “Göl sahili” və s.) müəllifidir. “Şərq qadını” jurnalında rəssam işləyib.

7 iyun 1924 – Xalq artisti Məlik Yusif oğlu Dadaşov (1924 – 3.12. 1996) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Rus Dram Teatrında direktor və bədii rəhbər (1989-1991) işləyib. Teatr və televiziya tamaşalarında, filmlərdə (“Dəli Kür”, “Axırıncı aşırım”, “O dünyadan salam”, “Fəryad” və s.) filmlərdə yaddaqalan rollar oynayıb.

 

8 iyun 1885 – Arxeoloq Davud Mikayıl oğlu Şərifov (1885-1952) Tiflisdə doğulub. Azərbaycan Dövlət Tarix Muzeyinin müdiri olub, arxeoloji materiallar əsasında “Bizim mədəni irsimiz” adlı dərs vəsaiti yazıb.

8 iyun 1900 – Heykəltaraş İbrahim Hilal oğlu Quliyev (1900-1938) anadan olub.

8 iyun 1981 – Azərbaycanın ilk professional qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Həsən qızı Məmmədova (18.4.1897 – 1981) vəfat edib. Milan Konservatoriyasında təhsil alıb. 1923-cü ildə Bakı Teatr Məktəbinin (indiki Mədəniyyət və İncəsənət Universiteti) yaradıcılarından olub.

8 iyun 2022 – Yazıçı-jurnalist, ssenarist İntiqam Alı oğlu Mehdizadə (14.2.1945 – 2022) vəfat edib.

 

Dünya

 

6 iyun 1599 – İspan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez; 1599-1660) anadan olub.

6 iyun 1606 – Fransız dramaturqu Pyer Kornel (Pierre Corneille; 1606-1684) anadan olub. Əsərləri: “Sid”, “Edip”, “Psixeya”, “Medeya” və s.

6 iyun 1799 – Böyük rus şairi, dramaturq və nasir Aleksandr Sergeyeviç Puşkin (1799 – 10.02.1837) anadan olub. Əsərləri: “Yevgeni Onegin” (mənzum roman), “Ruslan və Lyudmila”, “Qafqaz əsiri”, “Tunc atlı” (poema), “Boris Qodunov”, “Motsart və Salyeri” (pyes), “Kapitan qızı”, “Qaratoxmaq qadın” (povest) və s.

6 iyun 1875 – Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (Paul Thomas Mann; 1875 – 12.08.1955) anadan olub. Əsərləri: “İosif və onun qardaşları” (tetralogiya), “Buddenbroklar”, “Doktor Faustus” (roman) və s.

 

7 iyun 1848 – Fransız impressionist rəssamı, qrafik və heykəltaraş Pol Qogen (Eugene Henri Paul Gauguin; 1848-1903) anadan olub.

7 iyun 1917 – İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin – Dino Paul Crocetti; 1917-1995) anadan olub.

 

8 iyun 1810 – Alman bəstəkarı, musiqişünas, pedaqoq Robert Şuman (Robert Schumann; 1810 – 29.7.1856) anadan olub. Simfoniya, sonata, konsert və digər musiqi əsərlərinin müəllifidir.

8 iyun 1837 – Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub. Tarixi və portret janrında əsərlərin müəllifidir.

8 iyun 1916 – İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini; 1916-2005) anadan olub. Komediya janrında filmlər (“Çörək, məhəbbət və fantaziya”, “Romalı gözəlçə”) çəkib.

Hazırladı: V.Orxan