Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə iyunun 6-da “Heydər Əliyev İli” və “İnsan hüquqları aylığı” (#İnsanHüquqlarıAylığı) çərçivəsində “Ümummilli lider Heydər Əliyev Azərbaycanda insan hüquqları konsepsiyasının banisidir” adlı tədbir keçirilib.

Əvvəlcə Ümummilli liderin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi söyləyən Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru F.Yahyayeva qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın əsası qoyulub. Azərbaycanın insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Şirvan Şəhər İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Rafael Nəsirov qeyd edib ki, Ombudsman tərəfindən elan olunan aylığın əsas məqsədi insan hüquqlarının müdafiəsi və təbliği sahəsində həyata keçirilən fəaliyyəti gücləndirmək, əldə olunmuş nailiyyətlər barədə ictimaiyyəti məlumatlandırmaq, mövcud problemlərin aradan qaldırılması ilə bağlı qarşıda duran vəzifələri müəyyən etməkdir.
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Samit Həsənov və Polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Elvin Əlizadə, Şirvan Gənclər evinin psixoloqu Nicat Sarxanov bildiriblər ki, cəmiyyət və dövlət ictimai münasibətlərin nizamlandığı, ictimai qaydalara riayət olunduğu şəraitdə normal fəaliyyət göstərə bilər. İctimai həyatın təşkilində, insanların davranışının və kollektivlərin fəaliyyətinin nizamlanmasında hüquq mühüm rol oynayır. Sonra tədbir diskussiya şəklində davam edib.