Xəbər verdiyimiz kimi, 5-11 iyun tarixlərində paytaxtın Hüseyn Cavid prospektində, AMEA-nın binasının önündəki parkda II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirilir.

Festival çərçivəsində iyunun 5-də Kürdəmir Regional Mədəniyyət İdarəsinin (RMİ) nəşr etdiyi “Nizami Gəncəvinin əsərlərinin el variantları”, “Nizami Gəncəvinin poetik portreti”, “Yeni bir səhər” və “Zəfərin Amili” kitablarının təqdimatı keçirildi.

“Nizami Gəncəvinin əsərlərinin el variantları” kitabının tərtibçisi, redaktoru və izahların müəllifi Fərid Hüseyn qeyd etdi ki, nəşrdə mütəfəkkir şairin əsərlərinin folklorda, nağıllarda, dastanlarda özünə həyat qazanmış süjetləri toplanıb. Kitabda sovet dövründə ayrı-ayrı nəşrlərdə yer alan əsərlər, folklor nümunələri ilk dəfə sistemli şəkildə bir araya gətirilib.

“Nizami Gəncəvinin poetik portreti” kitabı haqqında tərtibçi və redaktoru, yazar Ramil Əhməd məlumat verdi. Bildirdi ki, kitab XX-XXI əsrlərdə Nizamiyə ithaf olunan şeirləri üzə çıxarmaq məqsədilə hazırlanıb. İthaf şeirlər müəlliflərin ayrı-ayrı kitablarından, qəzet və jurnal səhifələrindən toplanaraq ilk dəfə sistemli şəkildə təqdim edilir. Ölümündən əsrlər sonra belə Nizaminin çağdaş şairlərə təsiri, “Xəmsə”sinin ilham qaynağı olması ədəbi təsir, ədəbi varislik baxımından böyük əhəmiyyət kəsb edir.

“Yeni bir səhər” kitabının müəllifi Beyləqan rayon Niyazi adına Uşaq musiqi məktəbinin müəllimi Aygün Bayramlıdır. O qeyd etdi ki, “Şuşa İli”nə ithaf olunan kitab şeirlər toplusudur. Nəşrdə şeirlər “Zəfər yolu”, “Səni gözləyirəm” və “Bu gün yeni bir səhər” başlıqları altında verilib.

“Zəfərin Amili” kitabı 44 günlük Vətən müharibəsinin şəhid çavuşu Amil Hüseynova və “Şuşa İli”nə həsr olunub. Müəllifi şəhidin həyat yoldaşı, Füzuli Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Xalisə Məmmədovadır. O, kitabın ərsəyə gəlməsindən danışdı. Kitab müharibədə yaşananların bir qadının həyatında nələri dəyişdiyini anladır.

Sonda AYB-nin mətbuat katibi Xəyal Rza çıxış edərək müəlliflərə təşəkkürünü bildirdi, onlara hədiyyələr təqdim etdi.

Qeyd edək ki, “Nizami Gəncəvinin əsərlərinin el variantları”, “Nizami Gəncəvinin poetik portreti” kitabları 2021-ci ildə, “Yeni bir səhər”, “Zəfərin Amili” kitabları isə 2022-ci ildə işıq üzü görüb. Nəşrlərin layihə rəhbəri və ön sözlərinin müəllifi Kürdəmir RMİ-nin rəisi, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Xudanlıdır.

N.Məmmədli