Beynəlxalq Uşaqların Müdafiəsi Günü (1 iyun) bölgələrdə rəngarəng tədbirlərlə qeyd olunub.

Tərtər Olimpiya İdman Kompleksində “Uşaqlar bizim gələcəyimizdir!” adlı uşaq yaradıcılıq festivalı keçirilib. Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Təhsil İdarəsi və Bərdə RMİ-nin birgə təşkilatçılığı ilə keçirilən festivalda ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri, məktəbəqədər və məktəbdənkənar müəssisələrin uşaqları iştirak ediblər. Onlar rəqs və musiqi nömrələri ifa edib, şeirlər söyləyib, fləşmoblar göstəriblər. Festivalda fəal iştirak edən kollektivlərə təşəkkürnamələr təqdim olunub.

***

Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Mədəniyyət Mərkəzinin dəstəyi ilə Xırdalan şəhər Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalda Abşeron rayon uşaq incəsənət, ümumtəhsil məktəblərinin və məktəbəqədər tədris ocaqları kollektivlərinin ifasında bir-birindən maraqlı çıxışlar təqdim olunub.

***

Şəki RMİ-nin təşkilatçılığı və Şəki Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bəxtiyar Vahabzadə adına istirahət və mədəniyyət parkında “Hər birimiz bir çiçək” adlı konsert keçirilib. Şəhər Uşaq incəsənət məktəbi və ümumtəhsil məktəblərinin şagirdləri mahnı və rəqslərlə tamaşaçıların könlünü oxşayıblar.

Zaqatala rayon Mədəniyyət Mərkəzində Zaqatala rayon Xalq teatrı tərəfindən şəhid və qazi övladları üçün “3 dəcəl keçi balası” adlı nağıl-tamaşa nümayiş olunub.

***

Masallı Dövlət Rəsm Qalereyası və rayon Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə “Həyatımızın bənövşələri” adlı tədbir keçirilib. Uşaqlar şeirlər söyləyib, əyləncəli oyunlar oynayıb, rəqs ediblər. Şagirdlərin muzey və qalereyaya ekskursiyası təşkil olunub.

***

Goranboy Dövlət Rəsm Qalereyası əlamətdar gün münasibətilə keçirilən ümumrayon tədbirində uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edib.

***

Ağcabədi şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalda isə Ağcabədi RMİ-nin tabeliyində olan musiqi məktəbləri tərəfindən konsert proqramı təqdim olunub.

***

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Sabirabad RMİ və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq musiqi məktəbinin şagird və müəllim heyətinin ifasında musiqilər səsləndirilib. Tədbir müxtəlif cizgi film personajlarının uşaqları əyləndirən rəngarəng çıxışları ilə başa çatıb.

***

Ağdaş rayon Mədəniyyət Mərkəzinin uşaqların bayramı münasibətilə təşkil etdiyi tədbirdə rəsm dərnəyi üzvlərinin əsərlərindən ibarət sərgi nümayiş olunub. Sonra uşaqların ifasında şeirlər səsləndirilib, mahnı və rəqs nömrələri təqdim edilib.

***

Ağstafa rayon Mədəniyyət Mərkəzində “Dünya sizinlə gözəldir!” adlı tədbir keçirilib. Tədbirdə “Göyçək Fatma” tamaşası nümayiş etdirilib. Ağstafa Mədəniyyət Mərkəzinin əməkdaşları və Ağstafa Gənclər evinin gənc könüllülərinin rol aldığı tamaşa maraqla izlənilib.

Nurəddin Məmmədli