Bəstəkar Cahangir Zülfüqarovun müəllif konserti

 

İyunun 5-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Zülfüqarovun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müəllif konserti keçirilib.

ABİ-nin sədri Xalq artisti, professor Firəngiz Əlizadə konsertdən öncə çıxış edərək Cahangir Zülfüqarovun çoxşaxəli yaradıcılığından söz açıb. Bildirib ki, o, yaradıcılığında müəllimi – Azərbaycanda simfonizmin banisi Cövdət Hacıyevin və atası – uşaq musiqisinin klassiki sayılan Oqtay Zülfüqarovun irsinə daima sadiq olub. ABİ-nin sədri bəstəkarın qırx ildən artıq müddətdə müxtəlif janrlarda yaratdığı əsərlərin uğurlu taleyini, müəllifin sadə, təvazökar xasiyyətini ayrıca qeyd edib.

ABİ-nin katibi Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova musiqiçilər ailəsinin layiqli təmsilçisi Cahangir Zülfüqarovun sənətinə böyük dəyər verdiyini diqqətə çatdırıb.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Lətifəxanım Əliyeva bəstəkara həsr etdiyi və ABİ-nin dəstəyi ilə yeni nəşr olunmuş broşürdən söhbət açıb.

Çıxışlardan sonra zövqlə tərtib edilmiş konsert proqramı təqdim olunub.

Əvvəlcə Cahangir Zülfüqarovun  fleyta və simfonik orkestr üçün “Ümid adası” qravüralarının Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında lent yazısı səsləndirilib. Fleytada solo ifa bəstəkarın qızı, beynəlxalq müsabiqə laureatı Əminə Zülfüqarovaya məxsusdur.

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, fəlsəfə elmləri doktoru Həqiqət Məhərrəmovanın ifasında “Sarı gəlin”, “Ağ alma” – piano üçün 2 fantaziya tamaşaçılara xüsusi zövq verib.

Azərbaycan Dövlət Uşaq Filarmoniyası “Şəms” uşaq xorunun kiçik yaş qrupu bədii rəhbər Əməkdar incəsənət xadimi Dilarə Əliyevanın ümidlərini bir daha doğruldub. “Uşaqlar” (söz: Cəmilə Allahverdiyeva), “Ana” (söz: Kamal Baharlı) və “Gözəl Bakı” (söz: Kamal Baharlı) solistlər – Məryəm Əliyeva və Fidan Bağırovanın ifasında səslənib. Yusif Həsənbəylinin sözlərinə yazılmış “Vətən hissi” C.Zülfüqarovun nəvəsi Emili Zəkiyyənin solistliyi, eyni zamanda xorun tərkibində bəstəkarın nəvəsi İnarə Zülfüqarovanın iştirakı ilə alqışlarla qarşılanıb. Azərbaycanda uşaq musiqisinin klassiki Oqtay Zülfüqarovun “Elegiya” əsərini isə ustadın nəticəsi – Ə.Bədəlbəyli adına 23 saylı Musiqi məktəbinin VI sinif şagirdi Əfrasiyab Məmmədov (müəllim – Sevil Lazımova) pianoda ifa edib.

C.Zülfüqarovun uşaqlıq və gənclik dostları Rauf İmanov və Məbud Məhərrəmovun şux xatirələri də görüşə rəng qatıb. Müəllif fleyta və 2 piano üçün bəstələdiyi “Oazis” əsərini fleytada qızı Əminə Zülfüqarova və nəvəsi Əfrasiyabla birgə pianoda ifa etməklə tədbirin son akkordlarını vurub.

Sonra Cahangir Zülfüqarov iştirakçılara təşəkkürünü bildirib.

Musiqişünas Sevda Hüseynovanın aparıcısı olduğu konsert xoş təəssüratla başa çatıb.