Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi, Dünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyi və ölkəmizdə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiq edilməsinin 25 illiyi ilə əlaqədar Azərbaycan Ombudsmanı tərəfindən ölkəmizdə "İnsan hüquqları aylığı" (#İnsanHüquqlarıAylığı) elan edilib.

18 may – 18 iyun tarixlərini əhatə edən aksiya çərçivəsində mədəniyyət müəssisələrində müxtəlif tədbirlər təşkil olunur, sənət layihələri həyata keçirilir.

"İnsan hüquqları aylığı" çərçivəsində mayın 28-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Balaca kişilər” tamaşası nümayiş olunub. Yazıçı, dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında səhnəyə qoyulan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Tamaşanı Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları olan qazilər və hər iki müharibədə övladlarını itirən şəhid anaları da izləyiblər.

***

Kollektiv mayın 20-də isə "Kod adı: V.X.A" tamaşasını nümayiş etdirmişdi. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin müəllifi və quruluşçu rejissoru olduğu tamaşa tarixi-sənədli faktlara istinadla ötən əsrin 30-cu illərinin mənzərəsini təsvir edir.

Səhnə əsərinin quruluşçu rəssamı Mustafa Mustafayev, bəstəkarı Azər Hacıəsgərli, işıq üzrə rəssamı Vadim Kuskovdur. Plastik həlli Ceyhun Dadaşova məxsus olan yeni səhnə əsərinin rejissorları Nihad Qulamzadə, Gülnar Hacıyeva, rejissor assistentləri isə Günay Qasımova və Sevda Hacışəmiyevadır.