Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) “Heydər Əliyev İli” çərçivəsində bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun əsərlərinin ən yaxşı ifasına görə respublika violin ifaçılarının müsabiqəsini elan edib.
BMA-dan verilən məlumata görə, iki mərhələdən ibarət olacaq müsabiqə noyabrın 27-28-də keçiriləcək. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. İştirak etmək istəyənlər ərizəni və birinci tur üçün ifa proqramını noyabrın 20-dək BMA-ya təqdim etməlidirlər.
Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri BMA-nın rektoru Xalq artisti, professor Fərhad Bədəlbəylidir.
Müsabiqənin birinci turunun proqramına Azər Dadaşovun violin və fortepiano üçün əsərlərindən (“Ariya”, “Xocalı ağrısı”, “Zəriflik”, “Həmd-Səna”, “Noktürn”, “Tokkata”, “Skertso”, “Qəmli rəqs”) ikisinin ifası daxildir.
İkinci turun mütləq proqramında isə bəstəkarın violin və kamera orkestri üçün üç əsəri ifa olunmalıdır: Ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Poema”, “Adagietto və Skertsino”.
Qaliblərə pul mükafatları və diplomlar təqdim ediləcək: I yer – 1000 manat (1-ci dərəcəli diplom); II yer – 700 manat (2-ci dərəcəli diplom); III yer – 400 manat (3-cü dərəcəli diplom).
Məlumat üçün: (012) 493 06 22