Elmin bütün sahələrinin təməli təlim-tədrisdən başlayır. Azərbaycan professional musiqi təhsilinin təməli isə bizlərə Üzeyir Hacıbəylidən miras qalmış Bakı Musiqi Akademiyasında (BMA) qoyulub. Bu tədris ocağı dünya səhnəsini fəth edən görkəmli musiqiçilər yetirib. Hər bir tanınmış musiqiçinin keçdiyi məktəb xatırlanır, onun haqqında bir fikir söyləyir. 100 yaşlı musiqi pedaqogikamızın tarixindən gəlib keçmiş Mayor Brenner, Georgi Şaroyev, Vladimir Kozlov, Lidiya Yeqorova, Regina Siroviç, Kövkəb Səfərəliyeva kimi müəllimlərin məktəbləri bu gün davam etməkdədir.
Bu məktəbin uğurlu nümayəndələrindən biri – mərhum Tərlan Seyidovun (1943-2023) təlim-tədrisə verdiyi dəyər hər kəsə məlumdur. Onun təşəbbüsü, zəhməti ilə yaradılan Orta ixtisas musiqi məktəb-studiyası BMA tələbələrinin pedaqoji təcrübə məkanı kimi də xüsusi əhəmiyyət daşıyır. Məktəb-studiyada tələbələrin pedaqoji təcrübə dərsləri daima diqqət mərkəzində saxlanılır, eyni zamanda müxtəlif konsert və tədbirlərə cəlb olunaraq səhnə fəaliyyətinə geniş yer verilir.
Tələbələr təhsil illərindən pedaqogika elmi ilə tanış olur və ilk təcrübələrini məktəb-studiya şagirdləri ilə həyata keçirirlər. Burada onlar müəllimlərindən əxz etdiyi metodika və özlərində formalaşdırdığı yeni texnikaları ilə fəaliyyətə başlayırlar. Bu proseslər məktəb-studiya şagirdləri üçün nə qədər əhəmiyyətli olsa da, tələbələr üçün müəllimlik peşəsinin məsuliyyətini anlamasında daha vacib anlardır.
Bu günlərdə (31 may) BMA-nın Metodika və xüsusi pedaqoji hazırlıq kafedrası tələbələrinin məktəb-studiya şagirdləri ilə açıq dərslərini izlədik.
Klarnet ixtisası üzrə Anar Məmmədovun 2-ci kurs tələbəsi Namiq Səlimov məktəb-studiyanın 1-ci sinif şagirdi Kənan Həsənliyə (müəllim: F.Məmmədov) V.A.Motsartın “Allegretto” əsərini keçir. Asta tempdə əl çalaraq şagirdi üçün səslərin düzgün ölçüsünü anlamasına və əsərin ritmini saxlamasına kömək edir. Bu anda kafedra müdiri professor Elnarə Məmmədova tələbəyə şagirdində ritm hissiyyatının formalaşması üçün metronomdan istifadəni tövsiyə edir. Sonra isə tələbə alətin düzgün şəkildə əldə tutulma qaydasını şagirdinin hələ də mənimsəməkdə çətinlik çəkdiyi kiçik nüansları izah edir. Əlbəttə, 1-ci sinif şagirdinin, ilk növbədə, aləti düzgün tutmasına nail olmaq vacib şərtdir. Tələbə sinfinə görə proqramı düzgün seçib, ritm hissiyyatı isə tədricən formalaşa bilər.
Fortepiano ixtisası üzrə dosent Nərgiz Əlizadənin 2-ci kurs tələbəsi Hidayət Sadıqbəyli 2-ci sinif şagirdi Sabir Rüstəmxanlıya (müəllim: Nərminə Əliverdizadə) Y.Baraxtinanın Paqanini mövzusuna “Variasiyalar” əsərini keçərkən öncə variasiya forması ilə bağlı məlumat verir, kiçik motivlər üzərində işləyərkən vurğunun düzgün düşməsinə çalışır. Şagird əsəri artıq əzbər öyrənib, bu halda müəllim asanlıqla əsərin istənilən yerində saxlayıb hər bir nüans üzərində – dinamika, səslərin bərabər ardıcıllığı, hətta 2-ci barmağının düzgün istifadəsinə nail olmaq üçün öz ifasını göstərməklə işləyir.
Fortepiano ixtisası üzrə dosent Mədinə Tuayevanın 2-ci kurs tələbəsi Əli Adıgözəlov isə violin ixtisası üzrə 7-ci sinif şagirdi Yusif Məmmədliyə “Ümumi fortepiano” fənnində Sevda İbrahimovanın “Evləri var xana-xana” Azərbaycan xalq mahnısı işləməsini öyrədir. Tələbə özünü səhnədə daha sərbəst, müəllim kimi hiss edir. Bu onun açıq dərsə hazırlıqlı olmasından irəli gəlir. Öncə özünü və şagirdini təqdim etdikdən sonra öyrətdiyi mahnının bəstəkarı haqqında və mahnının xarakteri ilə bağlı qısa, vacib məlumatı diqqətə çatdırır. Dərs zamanı Əli Adıgözəlovun öz ifası ilə başlayan xalq mahnısının ansambl işləməsi dinləyicilərdə xoş əhval yaradır. Milli mahnımızın oxunaqlı ifasını əldə etmək üçün müxtəlif yolları izah edən tələbə-müəllimin əsərin ruhunu dərinliklərinə qədər duyduğunu hiss edirik. Violin sinfinin şagirdi Yusif Məmmədlini isə fortepianoda sərbəst ifasına görə alqışlayırıq.
Zərb alətləri ixtisası üzrə Firuz Hüseynovun 2-ci kurs tələbəsi Kamil Hüseynzadə 6-cı sinif şagirdi Rüfət Məmmədova (müəllim: F.Hüseynov) marimba alətində D.Şostakoviçin “İspan rəqsi” əsərini keçir. Tələbə alətin tarixindən, vətənindən və quruluşundan söz açdıqdan sonra onun simfonik orkestrdə rolunu qeyd edir. Nota nəzər yetirdikdə isə öncə əsərin ölçüsü, tempi ilə bərabər onun solo və yaxud müşayiət üçün yazılmasına diqqət yetirir. Geniş izahlı, açıq dərs sayəsində marimba alətində liqanın və müxtəlif texniki səhvlərin üzərində işin necə aparılması ilə tanış oluruq.
Violin ixtisası üzrə Nairə Qulamovanın 2-ci kurs tələbəsi Səriyyə Nəsibova 10-cu sinif şagirdi Fatimə Tapdıqovaya (müəllim: M.Aslanova) Ç.Viottinin “№ 22 konsert”inin I hissəsini keçir. Təcrübəçi tələbə bəstəkarın yaradıcılığına nəzər salaraq, burada konsert janrının üstünlüyünü söyləyir. Əsəri başlamazdan öncə temp, ölçü kimi vacib nüanslara diqqət ayırır. S.Nəsibova dərs zamanı öz ifasında əsərin texniki çətinliklərinin aradan qaldırılması ilə yanaşı, emosional təsirinin göstərilməsi üsullarında dinamikanın əhəmiyyətini nümayiş etdirir.
Dərs prosesinin açıq, geniş auditoriya qarşısında keçirilməsi təcrübəçi tələbələrin və məktəb-studiya şagirdlərinin yaradıcı potensialını daha da inkişaf etdirir.
Tutu Hüseynova
BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimi, musiqişünas