Prezident təqaüdünə layiq görülən iki xoreoqraf-pedaqoqla söhbət

 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu ilin 6 may tarixində imzaladığı sərəncamla Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir sıra sənət adamları Prezidentin fərdi təqaüdünə layiq görülüblər. Bu siyahıda rəqs sənətinin inkişafında mühüm xidmətləri olan müəllim-xoreoqraflar – Xalq artisti Yusif Qasımov və Əməkdar müəllim Pellumb Aqalliyayın da adları var.

Onlarla görüşmək üçün Bakı Xoreoqrafiya Akademiyasına gəlirik. Akademiyanın binasına daxil olar-olmaz xoş mənzərə bizi cəlb edir. Xüsusi geyimdə olan şagird və tələbələr, uşaqları gözləyən valideynlərin övladlarına qayğısı diqqətimi çəkir. BXA-nın mətbuat xidmətinin rəhbəri Zeynəb Əkbərlə Pellumb müəllimlə görüşmək üçün yuxarı mərtəbəyə qalxırıq. Budur, məşq zalı, su sonası qızlarımız müəllim heyəti ilə məşq prosesində. Xoreoqraf bizi görüb məşqi dayandırmaq istəsə də, mane olmuruq. Xoreoqrafik obrazları izləmək ruhumuza dinclik verir.

Onu da qeyd edim ki, bu il Pellumb Aqalliyay üçün xüsusilə əlamətdardır. Həm 80 illik yubileyini qeyd edir, həm dövlət başçısının fərdi təqaüdünə layiq görülüb, həm də Azərbaycanda pedaqoq kimi fəaliyyətə başlamasının 30 illiyidir.

Fasilə yaranan kimi söhbətə başlayırıq.

 

Pellumb Aqalliyay: “Otuz ildən sonra yenidən Bakıya gəldim və buradan ayrıla bilmədim”

 

– Prezident təqaüdünə layiq görülmək xəbərinizi necə qarşıladınız?

– Bu, mənim həyatımın ən xoşbəxt günlərindən biri idi. Mən 30 ildir Azərbaycanda çalışıram və rahat yaşayışım üçün hər bir şəraitim var. Prezident təqaüdünə layiq görüldüyümə görə sonsuz minnətdarlıq hissi ilə, var gücümlə çalışacaq və bundan sonra da yaxşı tələbələrin və əsərlərin ortaya çıxması və yetişməsi üçün böyük əmək sərf edəcəyəm.

 

– Bir qədər özünüz barədə danışardınız.

– 1943-cü ilin 27 dekabrında Albaniyada, paytaxt Tiranada doğulmuşam. Evin ən kiçik övladı olmuşam. Qardaşlarım idman üzrə dünya çempionları idilər. Mən isə fiqurlu konkisürmə ilə məşğul idim. Bir gün Moskvada oxuyan tələbələr gəldilər ki, bəs balet məktəbinə sənəd qəbulu başlayır. Beləcə, məndə maraq yarandı və taleyim bu sahə ilə bağlandı. 1959-cu ildə tələbə mübadiləsi proqramı əsasında Bakı Xoreoqrafiya Məktəbində təhsil almağa başladım. Qəmər Almaszadədən dərs alırdım. İki il burada oxuduqdan sonra Albaniya ilə SSRİ arasında münasibətlər pozulduğundan biz Albaniyaya qayıtmağa məcbur olduq. 1993-cü ildə yenidən Bakıya gəldim. Tale belə gətirdi ki, mən Azərbaycana pedaqoq kimi dəvət olundum. Bir sinif götürdüm, başladım yeni əsərlər qoymağa. Tələbələrimlə Qara Qarayev, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanovun əsərlərini səhnələşdirdim. Çoxsaylı dövlət konsertlərində həm solo, həm də kollektiv rəqslərə quruluş verdim. Paralel olaraq Akademik Opera və Balet Teatrında da çalışdım.

 

– Tələbələriniz arasında tanınmış adlar varmı?

– Çox sevinirəm ki, hazırda tələbələrim sırasında Əməkdar artistlər var. Onlardan BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadənin, Makar Ferştandtın, hazırda xarici səhnələrdə çalışan Ülvi Əzizovun adlarını çəkə bilərəm. Moskvada Böyük Teatrda çalışan tələbələrim də var. Hazırda isə çox istedadlı tələbələrim yetişir. Azərbaycanda pedaqoq kimi çalışdığım müddətdə 12 buraxılış sinfim olub.

 

– Bakıya dəvət alana kimi ölkənizdə bu sahə ilə məşğul idiniz?

– Bəli, Albaniya Balet Teatrının aparıcı balet ustası idim. Albaniyanın üç dövlət mükafatına layiq görülmüşəm. Aparıcı solist kimi alban baletinin bütün repertuarını və eləcə də digər quruluşları oynamışam. Eyni zamanda çoxsaylı qastrol səfərlərim olub. Avropanın, demək olar ki, bütün balet səhnələrində çıxışlar etmişəm. 

 

– Vətəndən ayrılıb Bakıya gəldiyinizə görə nə vaxtsa, heyfsiləndiyiniz anlar olubmu?

– Düzünü desəm, heç vaxt. Bizim qayda-qanunlar, ənənələr oxşardır. Həyat yoldaşım bir müddət əvvəl rəhmətə gedib. Bizim Bakıya gəlişimizə qədərdə burada çoxlu dostlarımız var idi. Azərbaycandakı dostlarım Albaniyadakından daha çoxdur. Ora gedəndə Bakı üçün darıxıram. Bakıda olanda bəzən Albaniya üçün. Azərbaycan mənim öz evimdir. Burada insanlar çox yaxşıdır. BXA-nın kollektivi də eləcə. Opera və Balet Teatrının kollektivi də mənə qarşı həmişə yaxşı olub. Onu da deyim ki, 1993-cü ilin avqustunda Bakıya gəldim. 30 ildə burada çox şey dəyişib. Bu məktəbdə 33 alban tələbə oxuyub, eləcə də mənim oğlum. Vaxtilə burada təhsil alan tələbələr indi Bakıya gələndə dəyişiklik və inkişafı görüb çox təəccüblənirlər. Mən 1994-cü ildə Bakıda imzalanan “Əsrin müqaviləsi”nin Azərbaycan üçün böyük yol açdığını deyərdim. O zaman biz proseslərin necə olacağı barədə düşünürdük. Bu gün isə bu addımın ölkəmiz üçün nə dərəcədə əhəmiyyətli olduğunun şahidi oluruq. 

 

– Oğlunuz hazırda harada fəaliyyət göstərir?

– O, burada təhsil aldıqdan sonra iki il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışdı. Qastrol səfərlərində də iştirak etdi. Hazırda Albaniyada yaşayır, müasir rəqs və baletlə məşğuldur.

 

– Albaniya və Azərbaycan mədəniyyətinin oxşar cəhətləri hansılardır?

– Albaniyada da bir çox rəqslərə quruluş vermişəm. Çalışıram hər zaman işlədiyim əsərin və mövzunun ideyasını düzgün verim. Kosovoda olduğum zaman mən hətta Fikrət Əmirovu tanıyan insanlarla rastlaşdım. Biz onun “Şur” əsərində bəzi xalqlar arasında oxşar cəhətlərin ifadəsini görürük. Deməzdim ki, bəstəkar bu məqamları oradan götürüb. Sadəcə, xalqlar arasında oxşar cəhətlər var. Fikrət Əmirovun “Alban mövzularında süita”, Qara Qarayevin “Alban rapsodiyası” əsərləri var. “Alban rapsodiyası”nda bəstəkar Albaniyanın şimalında yaşayan xalqdan bir nümunə götürərək bu mövzunu daha da genişləndirib. Bu, çox maraqlıdır.

 

– Bir qədər də Xoreoqrafiya Akademiyasının bugünkü fəaliyyəti barədə danışaq...

– Hazırda akademiyaya tələbəm rəhbərlik edir, pis deyə bilmərəm (gülür). Akademiyada çox çətinliklərimiz olub. Klassik proqram, demək olar ki, yox olmuşdu. Klassik balet zəifləmişdi. Bu gün inkişaf var. İnanıram ki, bundan da yaxşı olacaq. Nə qədər burada güclü tələbələr yetişəcək, o qədər də Opera və Balet Teatrında güclü kadrlar çalışacaq. Orada da, demək olar 98 faiz mənim tələbələrim çalışır. İtaliyada, Hollandiyada və Yunanıstanda çalışan çoxsaylı yüksək göstəricilərə malik tələbələrim var.

***

Söhbətimizin sonunda sənətkarın xoreoqraf-pedaqoqluğundan savayı maraqlı hobbisinin də olduğunu öyrəndik. O həm də gözəl rəsmlər çəkirmiş. Azərbaycan balet sənətinin əfsanələrindən olmuş Qəmər Almaszadənin BXA-nın foyesində asılan portreti də onun əl işidir. Bu əsər Pellumb müəllimin vaxtilə ona dərs demiş sənətkara ehtiramı kimi qiymətlidir. Xoreoqraf bəzən quruluş verdiyi əsərlərin dekorasiya və geyimlərinin eskizlərini də özü hazırlayır.

 

Yusif Qasımov: “Dövlət Rəqs Ansamblı ilə 80-dən çox ölkədə çıxış etmişəm”

 

Pellumb müəllimlə sağollaşıb milli rəqs musiqisinin sədası gələn auditoriyaya yaxınlaşırıq. Xalq artisti, BXA-da Milli rəqs kafedrasının baş müəllimi Yusif Qasımov da tələbələri ilə məşq edir. Milli rəqs havalarımızın sədaları altında gənc rəqqaslar başlarını və qamətlərini dik tutaraq igid, qəhrəman Azərbaycan kişisi obrazında cövlan edirlər. Yusif müəllim deyir ki, onlar artıq ansambllarda rəqs etmək imkanı olan, texnikadan da irəli getmiş tələbələrdir.

 

– Yusif müəllim, onda, belə demək mümkünsə, siz Dövlət Rəqs Ansamblı üçün hazır kadrlar yetişdirirsiniz?

– Bəli, fəxrlə deyə bilərəm ki,  Dövlət Rəqs Ansamblının və Mahnı və Rəqs Ansamblının oğlan rəqqaslarının 95 faizi mənim tələbələrimdir. O tələbələrin arasında 16 nəfər fəxri ada layiq görülüb. 4 nəfər isə Prezident mükafatçısıdır. Yəni tələbələr burada yaxşı yetişir, təhsil alırlar. Özfəaliyyətlə, akademiyadakı təhsil arasında böyük fərq var. Qədim rəqs sənətimizin, rəqqaslarımızın davamçılarını yetişdiririk. Mən hər zaman rəqsdən danışanda “Azərbaycan milli rəqsi” ifadəsini işlədirəm. Çünki milli rəqs Azərbaycanın adət-ənənələrini təbliğ edən rəqsdir. “Azərbaycan milli rəqsi” deyəndə hər bir xoreoqrafın öz yanaşması və düşüncəsi ilə quruluş verdiyi rəqslər nəzərdə tutulur. Bura “Şalaxo”, “Məhsul”, “Çobanlar”, “Nəlbəki”, “Turacı” və s. rəqslər daxildir. Azərbaycan milli rəqsinin  inkişafı üçün sovet Azərbaycanına rəhbərlik edən Ulu öndər Heydər Əliyevin böyük xidmətləri var. 1970-ci ildə Azərbaycan Dövlət Rəqs Ansamblının yaradılması və aktiv fəaliyyətə başlaması da onun bilavasitə diqqət və qayğısı ilə olmuşdur. Bu gün biz bunun müsbət nəticələrini görürük. Rəqsimiz bütün dünya səhnələrində ifa olunur. Mən Dövlət Rəqs Ansamblı ilə 80-dən çox ölkədə Azərbaycan milli rəqsini təmsil etmişəm. Bu gün yeni-yeni kadrlar yetişir. Fəxr edirik ki, əziyyətimiz hədər getmir, layiqli davamçılar yetişdiririk.

 

– Bu il həm də sizin 75 illik yubileyinizdir. Prezident təqaüdünə layiq görülməyiniz də bu yubileyə layiqli bir hədiyyə oldu...

– 2008-ci ildən, Dövlət Rəqs Ansamblında baş baletmeyster işlədiyim dövrdən Prezident mükafatına layiq görüldüm. 14 il bu mükafatı aldım. Çox şadam ki, bu il məni Prezident təqaüdünə layiq gördülər. Bu mükafatı təkcə mənə deyil, bütün rəqs sənətimizə, akademiyaya göstərilən qayğı kimi qəbul edirəm. Bu yaşda belə bir diqqət bizim üçün stimuldur. İnsan daha da çox işləmək və yaratmaq istəyir. Buna görə də ölkə rəhbərliyimizə, Mədəniyyət Nazirliyinə minnətdarlığımı bildirirəm. Təqaüd xəbərini alan gün təbriklərin sayı-hesabı yox idi.

 

– Neçə ildir rəqslərimizi tədris edirsiniz?

– Ümumilikdə 55 ildir rəqs sənətindəyəm. 45 ilini Dövlət Rəqs Ansamblında, onun da bir ilini Dövlət Mahnı və Rəqs Ansamblında çalışmışam. 1961-ci ildə keçmiş Pionerlər evində Xalq artisti Böyükağa Məmmədovun rəqs dərnəyinə gedirdim. 1966-1967-ci illərdə respublikada keçirilən rəqs müsabiqələrinin qalibi oldum. O vaxt münsiflər heyətində rəqs sənətimizin görkəmli nümayəndəsi Əlibaba Abdullayev, Niyazi, Tofiq Quliyev, Qəmər Almaszadə təmsil olunurdu. 1967-ci ildə Moskvada keçirilən sosialist ölkələri arasında rəqs müsabiqələrinin birinci dərəcəli laureatı oldum. Bundan sonra Əlibaba müəllim məni Mahnı və Rəqs Ansamblına dəvət etdi. 6-7 ay orada çalışdıqdan sonra 6 il Rusiyada fəaliyyət göstərdim. 1974-cü ildən Azərbaycan Dövlət Rəqs Ansamblına dəvət alıb burada çalışmağa başladım. Bu yerdə maraqlı bir xatirəni danışım. 1981-ci ildə Moskvada böyük bir tədbirə hazırlaşırdıq. Ulu öndər hələ SSRİ rəhbərliyinə getməmişdi. Biz hər gün səhərdən axşama kimi indiki Heydər Əliyev Sarayında məşq edirdik. Ulu öndər də hər axşam saat 10-da gəlib məşqi izləyirdi. Bir gün dedilər ki, Heydər Əliyev gəlməyəcək, məşqi bitirin. Paltarımızı dəyişib getməyə hazırlaşırdıq, xəbər etdilər ki, Heydər Əliyev gəldi. Maraqlı bu idi ki, hətta ansambl üçün kostyum tikən fabrikin əməkdaşlarının bütün cihaz və ləvazimatlarını da gətirib sarayda quraşdırmışdılar ki, iş ləngiməsin. Tez hamı geyindi mən rəqs paltarımı geyinməyə vaxt tapmadım. Solo ifa edirdim. Şəxsi geyimdə çıxdım səhnəyə. Niyazinin dirijorluğu ilə rəqsə başladım. Məşq bitdi, gəldilər ki, səni çağırırlar. Ulu öndər məni yanına çağırıb dedi ki, sən istedadlı oğlansan. Sənə niyə ayrıca kostyum tikmirlər? Sənə xüsusi ağ rəqs kostyumu tiksinlər. Beləcə, həmin konsertə mən xüsusi geyimdə çıxdım. Ulu öndər insanlara diqqətlə yanaşırdı, onların rifahını yaxşılaşdıranda sevinirdi. Sənətkarların zəhmətini hər zaman qiymətləndirib və mədəniyyətimizə hər zaman diqqətlə yanaşıb. 1982-ci ildə Ulu öndər mənə “Əməkdar artist” fəxri adı verdi. 2005-ci ildə akademiyada bildirildi ki, Ulu öndərə həsr olunmuş bir kompozisiya hazırlamaq lazımdır. Mən çox şadam ki, bu kompozisiyanı mənə tapşırdılar və sanki onun ruhu qarşısında bir vəfa borcumu yerinə yetirdim.

 

– Akademiyada milli rəqslərimizin tədrisi sizi qane edirmi?

– 1991-ci ildən Xalq artisti Leyla Vəkilovanın dəvəti ilə burada milli rəqs üzrə müəllim işləyirəm. Bəzən sənətə lazımsız insanlar da gəlir, sənət təhsilində axsama olur. Biz həmişə çalışmışıq sənəti qoruyaq. Son iki ildə sırf sənətlə məşğuluq. Klassik rəqs də, milli rəqs də inkişaf edir.

 

– Rəqs sənətimizə dair tədris vəsaitləri ilə bağlı vəziyyət necədir?

– Akademiya yaranandan sonra çoxsaylı proqramlar yazıldı. Həmin proqramlardan bir neçəsini, eləcə də metodiki tövsiyələr yazmışam. Milli rəqslərimiz haqqında məqalələrim də dərc olunub. Gördüyünüz bu divar dəzgahı milli rəqsdə heç zaman olmayıb. Məşqlər həmişə orta hissədən başlayıb. Klassikada şagirdlər divar dəzgahı yanında qızışma hərəkəti edib sonra başlayırlar əsas rəqsə və mərkəz hissəyə. İlk dəfə burada tətbiq etməyə başladıq. Dərs dediyim müddətdə tələbələrim 16 beynəlxalq müsabiqədə iştirak edib, onun 14-də birinci yer, ikisində Qran-pri qazanmışıq. İşlərimiz hədsiz çoxdur, yəni dayanmadan çalışırıq.

***

Yusif müəllimlə söhbətimizi başa vurub BXA-dan çıxmaq istəyirik. Pillələri enərkən ağ göyərçinlərə bənzəyən kiçikyaşlı qız və oğlanlarla rastlaşırıq. Onların hər biri rəqs sənətimizin sabahıdır və hər iki korifey rəqqas da onların parlaq gələcəyi üçün çalışır. Yetirmələrinin uğurlarını həm özləri görür, həm də yeni nəsillər görəcək. Hər iki sənətkarımıza cansağlığı və pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq.

Lalə Azəri