Bu il görkəmli fırça ustası, pedaqoq, Xalq rəssamı Arif Hüseynov 80 illiyini qeyd edir. Rəssam yubiley ilində rəsm həvəskarlarını sərgilərlə sevindirir.
İyunun 6-da Muzey Mərkəzinin Sərgi qalereyasında “Yubiley sərgiləri” silsiləsindən növbəti – “Qrafika” adlı fərdi sərgisinin açılışı keçirilib.
Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Azərbaycan Rəssamlar İttifaqı, “HüsnArt” təsviri sənət mərkəzi tərəfindən təşkil olunan sərgidə millət vəkilləri, mədəniyyət, incəsənət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyev tədbiri açaraq qeyd edib ki, Arif Hüseynov çoxsaylı kitab nəşrlərinə illüstrasiyalar yaradıb. Təqdim olunan “Qrafika” ekspozisiyasında Azərbaycan tarixinə həsr olunmuş ağ-qara qrafika işləri yer alıb.
Rəssamlar İttifaqının sədri Xalq rəssamı Fərhad Xəlilov, Yazıçılar Birliyinin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq yazıçısı Natiq Rəsulzadə, Əməkdar jurnalist Etibar Babayev və layihənin əlaqələndiricisi, Azərbaycan Dövlət Rəsm Qalereyasının böyük elmi işçisi Ziyarət Cabarova Arif Hüseynovun yaradıcılığından söz açıblar. Qeyd olunub ki, sərgidə Xalq rəssamının 80 əl işi yer alıb. Müəllifin əsərlərində rəsm və ədəbiyyat qarşılıqlı əlaqədədir.
Ekspozisiyada rəssamın artıq keçmişdə qalan Qarabağ münaqişəsinin özünəməxsus qrafika xronologiyası – I Pyotrun Qafqazla bağlı planlarından və Azərbaycanı çar Rusiyası ilə İran arasında bölən Türkmənçay müqaviləsindən (1828) Qarabağın 30 illik işğalı və ermənilərin törətdikləri vəhşiliklərə qədər əks etdirən əsərləri təqdim edilir.
Arif Hüseynov Qarabağın zəngin mədəni irsinə, tanınmış şəxsiyyətlərinə çoxlu rəsmlər həsr edib. Bu sıraya Üzeyir Hacıbəyli, Seyid Şuşinski, Məşədi Cəmil Əmirov, Cabbar Qaryağdıoğlu, Sadıqcan və başqalarını misal göstərmək olar. Rəssam bütün bunları, hətta Qarabağın, Şuşanın rəmzi olan xarıbülbül gülünü ağ-qara tonda verib. Fırça ustasının yaradıcılığında uşaq mövzusu da xüsusi yer tutur. Təsadüfi deyil ki, Arif Hüseynovun yubileyinə həsr olunmuş ilk sərgi “Azərbaycan nağılı” adlanırdı. Ümumilikdə o, yüzə yaxın uşaq kitabına illüstrasiyalar çəkib.
Arif Hüseynov çıxışı zamanı sərginin təşkilatçılarına minnətdarlığını bildirib. Diqqətə çatdırılıb ki, “Qrafika” sərgisində rəssamın oğlu Orxanın qızı Dilbər Hüseynin rəsmləri də yer alıb. Bu onu deməyə əsas verir ki, Hüseynovlar ailəsində qoyulmuş sənət ənənəsi davam edəcək.
Sonra qonaqlar ekspozisiya ilə tanış olublar. Qrafika nümunələri tamaşaçıların böyük marağına səbəb olub.
Sərginin açılış mərasimində Azərbaycan Dövlət Simli Kvartetinin solistləri Əməkdar artistlər Ceyla Seyidova (skripka), Vaxtanq İmanov (alt) və Aleksey Miltıx (violonçel), həmçinin Anar Seyidov (skripka) musiqi nömrələri təqdim ediblər.
Xalq rəssamının Muzey Mərkəzindəki “Qrafika” sərgisi iyunun 10-da başa çatacaq. Xatırladaq ki, “Yubiley sərgiləri” silsiləsindən bu il fevralın 17-də Arif Hüseynovun “Azərbaycan nağılı” sərgisi təşkil olunmuşdu.
Lalə