Olaylar, faktlar (9–12 iyun)

 

535 il əvvəl...

 

9 iyun 1488-ci ildə Şahdağ ətəyində Şirvanşahların birləşmiş qüvvələri ilə Qızılbaş (Səfəvi) qoşunları arasında döyüş olub. Döyüşdə Şirvanşahların qoşunları qalib gəlib, qızılbaşların rəhbəri Şeyx Heydər həlak olub. Bir neçə ildən sonra onun oğlu İsmayıl taxta çıxdı və qüdrətli Azərbaycan Səfəvi dövlətinin əsasını qoydu.

 

217 il əvvəl...

 

12 iyun 1806-cı ildə Şuşa yaxınlığındakı Xanbağında Qarabağ xanı İbrahimxəlil xan Cavanşir ailə üzvləri və yaxınları ilə birlikdə rus hərbçiləri tərəfindən qətlə yetirilib. Mayor Lisaneviçin dəstəsi xanın çadırlarına basqın edərək ümumilikdə 17 nəfəri öldürüb. Ruslar bir il öncə (14 may 1805-ci il) Qarabağ xanı ilə bağlanan Kürəkçay müqaviləsinə belə “əməl” etdilər.

 

208 il əvvəl...

 

9 iyun 1815-ci ildə Napoleonun süqutundan sonra başlanan (18 sentyabr 1814-cü il) və Avropada yeni geosiyasi mənzərəni müəyyənləşdirən Vyana Konqresi başa çatıb. Konqresin nəticələrinə əsasən, Polşa əraziləri tamamilə (onadək Rusiya və Prussiya arasında bölüşdürülmüşdü) Rusiyaya birləşdirildi, Niderland Krallığı və İsveçrə Konfederasiyası yaradıldı.

 

125 il əvvəl...

 

9 iyun 1898-ci ildə Böyük Britaniya ilə Çin arasında “Syanqan konvensiyası” imzalanıb. Sazişə əsasən, Çin Syanqan (Honkonq) adasını 99 illiyə Britaniyaya icarəyə verib. 1984-cü ildə Londonla Pekin arasında imzalanan bəyannaməyə əsasən, Britaniya 1997-ci il iyunun 30-da adanı Çinə qaytardı. Honkonq azad iqtisadi zona statusu ilə Çinin inzibati ərazisi oldu.

 

103 il əvvəl...

 

12 iyun 1920-ci ildə Panama kanalının açılışı olub. Cənubi və Şimali Amerikanı ayıran kanalın tikintisi hələ XVI əsrdə gündəmə gəlmişdi. 1901-ci ildə Panamanı Kolumbiyanın əlindən alan ABŞ Britaniya ilə birlikdə kanalın tikintisinə başlayıb. 81,6 kilometr uzunluğunda olan kanal yalnız 1990-cı illərdə Panama dövlətinin nəzarətinə verildi.

 

81 il əvvəl...

 

10 iyun 1942-ci ildə alman faşist qoşunları Çexiyanın Liditse qəsəbəsində qətliam həyata keçiriblər. Burada faşist idarəçisinin öldürülməsinə cavab olaraq qəsəbənin bütün kişi əhalisi (172 nəfər) güllələnib. 200-dək qadın və uşaq isə konslagerə göndərilmiş və onların təxminən yarısı da orada öldürülmüşdü. Müharibədən sonra Liditsedə memorial muzey yaradıldı.

 

79 il əvvəl...

 

10 iyun 1944-cü ildə Almaniyanın işğalçı qoşunları Fransanın Oradur-sür-Qlan qəsəbəsində də kütləvi qətliam törədiblər. Qəsəbənin kişi əhalisi güllələnib, qadın, uşaq və qocalar isə kilsəyə yığılaraq partladılıb. Ümumilikdə qəsəbənin 640-dək sakini qətlə yetirilmişdi. Müharibədən sonra qəsəbə bərpa edilmədi və xarabalıqlar açıq səma altında xatirə muzeyinə çevrildi. Yaxınlıqda isə eyniadlı yeni qəsəbə inşa edildi.

 

30 il əvvəl...

 

9 iyun 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev ölkə başçısı Əbülfəz Elçibəyin dəvəti ilə Bakıya gəlib. Gəncə hadisələri (4 iyun) ilə iflas etmiş Azərbaycan Xalq Cəbhəsi iqtidarı Heydər Əliyevdən qiyamçı polkovnik Surət Hüseynovla danışıqlar aparmağı və böhranı sahmanlamağı xahiş edib.

Həmin gün Milli Məclis Gəncədəki qiyamda iştirak etmiş şəxslərə amnistiya verilməsi və hadisələrin araşdırılması üçün deputat-istintaq komissiyasının yaradılması haqqında qərarlar qəbul edib.

Hazırladı: V.Orxan