Avropada və ABŞ-də yüzlərlə belə sənət əsərləri var...

 

Nyu-Yorkdakı Metropoliten Muzeyi, Parisdəki Luvr Muzeyi və dünyanın digər məşhur muzeylərində nümayiş olunan qiymətli artefaktların bir hissəsi qeyri-leqal, yəni müxtəlif dövrlərdə məxsus olduğu ölkələrdən qanunsuz şəkildə çıxarılan sənət nümunələridir.

Frans-Press agentliyi xəbər verir ki, Metropoliten Muzeyi Asiya, Avropa və Afrikanın ondan çox ölkəsinə məxsus olan əsərləri təhvil vermək məcburiyyətində qalan əsas qurumlar və kolleksiyaçılar arasında liderdir. Oğurlanmış sənət əsərləri üzrə ixtisaslaşan məhkəmə arxeoloqu və sənət tarixçisi Kristos Tsiroqiannis bildirib ki, bu cür hallarla bağlı həbslərin və repatriasiyaların miqyası da artır. Onun sözlərinə görə, Nyu-York qədim əşyaların qeyri-qanuni dövriyyəsi üzrə dünyanın mərkəzi şəhərlərindən biridir.

2017-ci ildən bəri Nyu-York prokurorları 1970-1990-cı illər arasında təxminən 20 ölkədən talan edilmiş artefaktları məxsus olduğu ölkələrə qaytarıblar. Onların arasında qədim Yunanıstan, Roma və Bizans imperiyaları dövrünə aid, eləcə də İraq, Çin, Hindistan və Cənub-Şərqi Asiyadan incəsənət əsərləri var. 2022-ci ilin yanvarında Kamboca, Pakistan, Misir, Türkiyə və İtaliya da daxil olmaqla bir neçə ölkəyə ümumilikdə 165 milyon dollar dəyərində 950-dən çox artefakt qaytarılıb. Bu yaxınlarda  isə Nyu-Yorkdakı Çin konsulluğunda keçirilən mərasimdə VII əsrə aid 3,5 milyon dollar dəyərində iki daş heykəl bu ölkəyə təhvil verilib. Ən son restitusiya Körfəz müharibəsi zamanı oğurlanmış və 1990-cı illərin sonunda Nyu-Yorka qaçaqmalçılıq yolu ilə gətirilmiş Şumer sivilizasiyasına aid əhəngdaşından fil və alebastrdan öküz fiqurlarının bu il mayın 19-da İraqa qaytarılması olub.

Luvr muzeyinin rəhbəri Laurens des Kars may ayında Nyu-Yorka səfəri zamanı bildirib ki, böyük muzeylər öz kolleksiyalarının tarixini bilməlidir. Onun sözlərinə görə, qaçaqmalçılıq yolu ilə Avropa və ABŞ-nin muzeylərinə gətirilən artefaktlar tez və ya gec öz sahiblərinə qaytarılacaq. Bu sənət əsərlərinin sayı isə minə yaxındır.